Bu günlərdə Azərbaycan mətbuatı yaranmasının 149-cu ildönümünü böyük coşqu və fəxarət hissi ilə qeyd edir. Yarandığı gündən milli mətbuatımızın əsas hədəfi və fəlsəfəsi 1875-ci ildə işıq üzü görən ilk anadilli “Əkinçi” qəzetində görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin əks etdirdiyi maarifçilik, sülhə çağırış, əmin-amanlığ ideologiyasının əhali arasında təbliği olub.
2020-ci ildə Azərbaycan 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini rəhbər tutaraq və təkbaşına icra edərək bütün dünyaya ədalətin bərpasını nümayiş etdirdi. Bu gün artıq suverenliyini tam bərpa etmiş Azərbaycan işğaldan azad olunmuş şəhərlərində, xüsusilə Qarabağın tacı, Türk, İslam Dünyasının mədəniyyət paytaxtı Şuşada böyük, qlobal tədbirlər keçirir və həmin tədbirlər çərçivəsində milli mətbuatımız ötən əsrlərdən miras qalan missiyasını peşəkarlıqla davam etdirir.
Keçdiyimiz günlərdə, 20 iyul 2024-cü il tarixində dünya mediasının diqqət mərkəzində olan aktual hadisələrdən biri Azərbaycanın mətbuat tarixi, eləcə də Azərbaycan həqiqətlərinin bir daha geniş işıqlanması üçün beynəlxalq mətbuatın haqsız yanaşmalara hazırlığı ilə bağlı keçirilən və artıq ənənə halını almış Forumda Prezident İlham Əliyevin iştirakı idi.
Azərbaycan Prezidenti bu tədbirdə iştirak etməklə bir tərəfdən əllidən çox ölkənin nümayəndəsinin bir araya gəldiyi, “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun mahiyyətini və dayanıqlı olmasını, o cümlədən müasir mətbuatın bütün istiqamətlərinin sağlamlaşmasını, habelə beynəlxalq jurnalistlər platforması vasitəsilə regionun yaranmış yeni geosiyasi reallıqlarını, Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olması üçün əzmini bütün dünyaya bəyan etdi.
Bu gün dünyamız həqiqətən də çox çətin zamanlar, transformasiya dövrünü yaşayır. Davam edən müharibələr, böyüməkdə olan münaqişə ocaqları, dünya dövlətlərinin bir-biri ilə anlaşa bilməməsi kimi məsələlər kritik həddə çatıb. Bu da, öz növbəsində, beynəlxalq medianın bir sıra suallarının formalaşmasına gətirib çıxarır. Təbii ki, gündəmdə duran ən əsas məsələ cəmiyyətə düzgün məlumatın çatdırılmasıdır.
Təəssüflər olsun ki, bu gün biz real həyatımızda dezinformasiya və qarayaxma kampaniyası kimi mənfi halların sıx-sıx şahidi oluruq. Lakin, bu kimi halların qarşısının alınması hər bir cəmiyyətin və ölkənin davamlı inkişafının təmin olunması üçün çox vacibdir.
Prezident İlham Əliyev üç saata yaxın davam edən görüşündə ən həssas məsələlərə toxunaraq, jurnalistlərin bütün suallarına dörd dildə mükəmməl, səlis və səmimi cavab verdi, Azərbaycan mətbuatının qarşısında duran şərəfli missiyanın yerinə yetirildiyini bir daha Qlobal Media Forumu vasitəsi ilə bütün dünyaya çatdırdı.
Bu gün cəmiyyəti, regionu, bütövlükdə dünyanı maraqlandıran və haqlı müzakirəsi təşkil olunan məsələlərdən biri də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasından ibarətdir. Ölkə başçısı bu suala kifayət qədər dolğun və konkret cavab verərək, regionda sülhün dayanıqlılığını təmin etmək üçün Azərbaycanın İkinci Qarabağ-Vətən Müharibəsindən sonra dünya ictimaiyyətinə nümayiş etdirdiyi bütün cəhdlərini, apardığı siyasətini tam olaraq aydın şəkildə şərh etdi.
Azərbaycan Prezidenti bildirdi ki, xarici işlər nazirləri səviyyəsində aparılan danışıqların nəticəsində sülh sazişinin mətninin 80-90 faizi razılaşdırılıb. Lakin, yekun sənədin imzalanması üçün uzun illərdir fəaliyyətsizliyi ilə torpaqlarımızın işğal altında saxlanılmasına şərait yaradan ATƏT-in Minsk Qrupunun ləğvi və özündə Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid əks etdirən Ermənistan konstitusiyasında dəyişiklik əsas şərtlərdənidr.
Beləliklə, 2-ci Şuşa Qlobal Media Forumu dünyanın müxtəlif ölkələrini təmsil edən iştirakçıların öz gözləri ilə gördükləri həqiqətləri və aldıqları cavabları düzgün olaraq dünya mətbuatına çatdırmaq üçün şərait yaradacaqdır. Prezident İlham Əliyevin söylədiyi kimi, “Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq.”
Burada bir digər məqam isə hökumətlərin verilmiş mesajlardan gec olmamış ciddi nəticə çıxarması, eyni zamanda məsələlərin mövcud reallığa uyğun, dünyada beynəlxalq hüququn qəbul olunmuş norma və prinsipləri əsasında, ədalətlə həll olunmasını sürətləndirməkdən ibarətdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı