Deputat 2022-ci ilin hesabatını verdi

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunun 5-ci maddəsinə müvafiq olaraq 2022-ci il ərzində parlamentin keçirilmiş 37 plenar iclasından 20-də çıxış edərək dövlətçiliyin müdafiəsi, habelə seçicilərimizi və bütövlükdə cəmiyyəti narahat edən məsələlərlə bağlı mövqeyimizi ifadə etmişik". SABAHİNFO.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq tərəfimizdən seçicilərlə fəal iş aparılmış, 2022-ci il ərzində tərəfimizdən 26 dəfə vətəndaş qəbulu keçirilmiş, birbaşa görüşlərdə 306 nəfər iştirak etmişdir: "Ötən il ərzində seçicilərimizdən 261 yazılı müraciət daxil olmuş, səlahiyyətimiz daxilində olan 15 məsələ tərəfimizdən dərhal həll edilmiş, 25 müraciət qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün baxılmamış saxlanmış və bu barədə vətəndaşlara məlumat verilmişdir. 221 müraciətlə əlaqədar isə aidiyyəti orqanlar qarşısında məsələ qaldırılmış, onlardan 208-i cavablandırılmış, 13-nün isə hələlik icraat müddəti bitməmişdir. Bildiyiniz kimi, media və sosial media ilə iş deputat fəaliyyətinin həyata keçirilmə formalarından biridir. Ötən il ərzində tərəfimizdən 80-i internet TV, 85-i ənənəvi olmaqla 165 dəfə televiziya kanallarında, 54 dəfə dövrü mətbuatda, 1876 dəfə isə elektron mediada milli maraqlarımızın müdafiəsi, dövlətçilik mənafelərinin qorunmasını ehtiva edən müsahibə və çıxışlar yayımlanmışdır. Eyni zamanda gündəmdə olan məsələlər, habelə seçicilərimizi narahat edən problemlərlə bağlı facebook, instagram və twitter üzərindən 3136 paylaşımla sosial mediada aktivliyimizi qorumağa nail olmuşuq. Əmin ola bilərsiniz ki, ciddi ümidlərlə start verdiyimiz 2023-cü ildə də cənab İlham Əliyevin mövcud kursuna sadiq qalaraq, həm siyasi fəaliyyətimiz, həm də seçicilərlə iş istiqamətində səylərimizi daha da gücləndirəcəyik".