Oktyabrın 20-də Zəngilanın işğaldan azad edilməsinin üç ili tamam olur – “Şəhər Günü”
Zəngilan Şəhəri Gününün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Oktyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 20-də Zəngilan Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
“XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüyə əsasən Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb”.
Bu tarixi faktları Milli Məclisin deputatı Aqil Məmmədov Zəngilan şəhərinin 2020-ci il 20 oktyabr tarixində işğaldan azad olunmasının üçüncü ilinin tamam olması və ilk dəfə qeyd olunacaq Zəngilan Şəhərinin Günü ilə əlaqədar fikirlərini "atributinfo.az"-la bölüşərkən sadalamışdır:
- “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə yenidən qürur hissi yaşadıq. Çünki Sərəncamda da deyildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Millət vəkili saytmıza verdiyi müsahibənin əvvəlində rayonun coğrafiyası və iqtisadiyyatı barədə də məlumatları xatırlatmışdır:
- Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon ərazisində bir sıra faydalı qazıntılar - tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Ərazidən Araz, Oxçuçay, Həkəri və Bəsitçay çayları keçir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, onlarla kolxoz-sovxozu, bir neçə kooperativi və kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində dəmiryol müəssisələri və dəmir yol vağzalları fəaliyyət göstərirdi.
Daha sonra Aqil Məmmədov işğal dövründə Zəngilanın çəkdiyi ziyan və rayonun azad edilməsinin əhəmiyyətindən danışdı:
- Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, xeyli sayda şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın başqa rayonlarında müvəqqəti məskunlaşmışlar. Erməni vandalizmi nəticəsində Zəngilanın tarixi və dini memarlıq abidələri – məscidlər, türbələr, məqbərələr, qalalar, pirlər, sərdabələr, nekropollar, bürclər, qüllələr dağıdılmışdır... 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 50-yə yaxın kəndi işğaldan azad edildi. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilib. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlamışdır... 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 7000-ə yaxın hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Parlament üzvü “Böyük Qayıdış” və Zəngilan rayonun yeni inkişaf dövründə sürətlə həyata keçirilən bərpa-quruculuq işlərindən həvəslə söz açdı:
- Birinci pilot layihə Zəngilanda icra edildi, Ağalı kəndində. 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Ötən ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Həyata keçirilən logistik layihələr sırasında Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Ümumi uzunluğu 124 kilometr olan 6 zolaqlı Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır. Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsi olan “Dost Aqropark” pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək.
Deputat Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş bütün şəhər və rayonlara olduğu kimi, Zəngilana da hər il bir neçə dəfə səfər etdiyini, görülən işlərlə şəxsən tanış olduğunu dilə gətirərək bildirmişdir:
- Prezident İlham Əliyevin azad olunmuş Zəngilana 23.12.2020-cü il tarixdə ilk səfərində Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırmış, 14.02.2021-ci il tarixdə ikinci səfəri görüləcək işlərin planlaşdırılmasını və dəymiş zərərin ümumi dəyərləndirilməsinə həsr olunmuş, 26.04.2021-ci il tarixli üçüncü səfərində Zəngilan rayonunun sakinləri ilə görüşmüş, Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin, Zəngilanda Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlqoyma mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı Zəngilana 20.10.2021-ci il tarixdə dördüncü səfərində Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanında tikinti işləriylə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olmuş, “Azərenerji” ASC-nin “Zəngilan” yarımstansiyasının açılışında, Zəngilan rayonunda Rəqəmsal Yarımstansiyanın təməlqoyma mərasimində iştirak etmişdir. Cənab Prezident 26.10.2021-ci il tarixə təsadüf edən beşinci səfərində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi), Zəngilan rayonunda “Dost Aqropark”ın təməlini qoymuş, Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmuşdur... 2022-ci ildə Prezident İlham Əliyev Zəngilana iki dəfə səfər etmişdir – mayın 27-də və oktyabrın 19-da. Birinci dəfə dövlət başçısı Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan məscidinin tikinti işləri ilə, Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olmuş, “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etmişdir. Ötən il ikinci səfərində cənab Prezident Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə və sakinlərlə görüşmüş, Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olmuş, Arximed turbini tipli Su Elektrik Stansiyasının işə salınması mərasimidə, habelə, Zəngilan şəhərində ilk yaşayış binasının və məktəb binasının təməlqoyma mərasimlərində iştirak etmişdir... Dövlətimizin başçısı bu il ilk dəfə Zəngilana mayın 4-də səfər etmiş, inzibati binanın təməlini qoymuşdur. 28.09.2023-ci il tarixli ikinci səfərində cənab İlham Əliyev Alıbəyli və Zəngilan kəndlərinin, Zəngilan şəhərində 2-ci, 3-cü və 4-cü yaşayış komplekslərinin, 160 yerlik uşaq bağçasının təməlqoyma mərasimlərində, Zəngilan Konqres Mərkəzi Kompleksinin, “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılış mərasimlərində iştirak etmiş, Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində görülən işlərlə tanış olmuşdur. Ən nəhayət, hələlik sonuncu olan 29.09.2023-cü Zəngilan səfərində Prezident İlham Əliyev 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etmişdir. Qürurverici hissdir ki, uğurla keçirilən son antiterror əməliyyatından sonra qızıl səhifələri çoxalmış milli təqvimimizdə azad edilən Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərinin də “şəhər günlərini” fərəhlə qeyd edəcəyik.