Deputat: "Başqa dövlətlərin daxili siyasi gündəmini Azərbaycanda davam etdirməyə yönələn yanaşmalar doğru deyil"

"İranda cərəyan edən hadisələr bizi təbii olaraq düşündürür və narahat edir. Qonşu ölkədə baş verən istənilən ciddi proses regionun ümumi sabitliyinə təsir göstərir. Xameneinin vəfatı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən İran Prezidentinə və İran xalqına başsağlığı ünvanlanıb. Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi də baş verən proseslər və ümumilikdə müharibə ilə bağlı ölkəmizin rəsmi mövqeyini açıqlayıb. Bu mövqe dövlətimizin balanslı, beynəlxalq hüquqa söykənən və sabitliyi dəstəkləyən siyasətinin davamıdır və hər birimiz üçün əsas istinad nöqtəsi məhz budur. Cəmiyyət daxilində fərqli emosional reaksiyaların olması anlaşılandır. Ancaq hesab edirəm ki, azərbaycanlı hər şeydən əvvəl öz dövlətinə bağlı olmalı, milli maraqları əsas götürməlidir. Biz dünyəvi, müstəqil dövlətik və xarici ölkələrdə baş verən hadisələrə münasibət bildirərkən ilk növbədə Azərbaycanın maraqları prizmasından çıxış etməliyik".

Sabahinfo.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat bildirib ki ki, sərhədi aşan, ölkədaxili həmrəyliyə xələl gətirən və ya başqa dövlətlərin daxili siyasi gündəmini Azərbaycanda davam etdirməyə yönələn yanaşmalar doğru deyil: "İnsan hüquqları, universal dəyərlər və humanitar məsələlərlə bağlı mövqe bildirmək təbiidir, lakin bu, heç vaxt milli maraqlardan üstün tutulmamalıdır. Bu məsələdə əsas məqsəd ondan ibarətdir ki, cəmiyyət daxilində parçalanma və qarşıdurma yaranmasın. Xarici ölkədə baş verən hadisələrə fərqli münasibətlər ola bilər, lakin bu fərqlilik daxildə qarşı-qarşıya dayanmağa səbəb olmamalıdır. Hər bir vətəndaş bilməlidir ki, dövlətin rəsmi mövqeyi artıq açıqlanıb və beynəlxalq münasibətlər məhz həmin çərçivədə qurulur. Yəni emosional yanaşmalardan daha çox, dövlət maraqları və milli həmrəylik əsas götürülməlidir. Cəmiyyət olaraq birliyimizi qorumalı, dövlətimizin rəsmi mövqeyinə hörmət etməli və ölkə daxilində süni gərginlik yaradacaq davranışlardan uzaq durmalıyıq".