Deputat: “Cənab Prezidentin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iradları tam haqlıdır...”

“Son bir ay ərzində Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hadisələr ictimaiyyətin diqqət mərkəzindədir. Əfsuslar olsun ki, bu hadisələr bəzi daxili və xarici dairələr tərəfindən qızışdırılmış hadisələrdir. Mitinqlərin, etirazların başlandığı gündən bu elementləri görürdük. Əsas məsələlərə tam şəffaflığı ilə təhqiqatlardan, istintaq araşdırmalarından sonra aydınlıq gətiriləcək. Ancaq görünən budur ki, Gədəbəydə əhalinin haqlı narazılığına səbəb olan hadisədən sui-istifadə etmək istəyən xarici və daxili qüvvələr mövcuddur. Əsas narahatedici amil bundan ibarətdir. Cənab Prezident çox haqlı olaraq əhalinin etiraz hüququnun olduğu barədə, eyni zamanda ekologiyaya vurulan zərərlə bağlı tam açıq mövqe bildirdi. Əhalinin genişmiqyaslı şəkildə etiraz səsini ucaltmasına haqq qazandırdı. Söyüdlüdə baş verənlər fonunda bəzi məmurların öz vəzifələrinə düzgün yanaşmadıqlarının da şahidi olduq. Prezident bu barədə də haqlı iradlarını bildirdi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurlarının prosesə operativ müdaxilə etməmələrinə irad tutdu. Təbii ki, bu sahəyə cavabdeh olan Nazirliyin əməkdaşları, məmurları ilk gündən reaksiya verməli, hadisə yerində olmalı, əhali ilə maarifləndirici iş aparmalı idilər. Konkret olaraq yeni yaradılan gölün həmin bölgənin ekologiyasına ciddi təsiri varsa, əlbəttə ki, bunun qarşısı dərhal alınmalı idi. Cənab Prezident haqlı olaraq bildirdi ki, mən tapşırıq verəndən sonra komissiya yaradıldı...”

 

Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

 

Deputat bildirib ki, ümumiyyətlə, Azərbaycanda bir çox məmurlar daha çox gözləmə mövqeyi tuturlar: “Özlərinin Konstitusiya ilə, qanunla müəyyənləşdirilmiş vəzifə səlahiyyətlərinə aid olan işlərin öhdəsindən gəlmək əvəzinə, daha çox yuxarı təşkilatlarda gözləmə mövqeyini tuturlar. Bu, yanlış yanaşmadır. Fiziki cəhətdən mümkün deyil ki, bir nəfər həm bütün cəmiyyətdə baş verən proseslərin hamısını nəzarətdə saxlasın, həm də xarici siyasətlə, beynəlxalq münasibətlər sistemi ilə, beynəlxalq təşkilatlarla olan münasibətlərin hamısını vahid bir mərkəzdən idarə etsin. Bir çox məmurlarımızda belə yanaşma var ki, yuxarıdan tapşırıq gəlməlidir. Təbii ki, bu, doğru deyil və nəticədə müəyyən problemlərə gətirib çıxarır. Bu baxımdan cənab Prezidentin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı iradları tam haqlıdır, həqiqəti əks etdirir. Bu eyni zamanda digər mərkəzi icra hakimiyyəti orqanları, ümumiyyətlə, bütün məmur təbəqəsi üçün örnək olacaq. Belə məsələlərin qarşısı zamanında alınmalıdır. Hər məmur daha çox profilaktikaya, preventiv qərarların qəbuluna, qabaqlayıcı təbdirlərin görülməsinə diqqət yetirməlidir. Hadisə baş verəndən sonra hadisələrin arxasınca yox, hadisələrin önündə getməyi bacarmalıdır. Bu, digər məmurlar üçün də dərsdir”.

 

N.Məhəməliyev “Prezident İlham Əliyev məlum hadisələrlə bağlı məmurlara bir həftə vaxt verdi, sizcə, həmin şəxslər işin öhdəsindən gələ biləcəklərmi, nəticəsi olacaqmı?” sualına isə belə cavab verib: “Mütləq nəticəsi olacaq. Azərbaycanda kifayət qədər operativ idarəetmə sistemi mövcuddur. Prezident istənilən məsələ ilə bağlı tapşırıqlar verəndə, yaxud istənilən tapşırığın icrası ilə bağlı müddət qoyduqda çox gözəl bilir ki, həmin tapşırığın, vəzifənin öhdəsindən bir həftə ərzində gəlmək mümkündür. Düşünürəm, bir həftə ərzində araşdırmalar başa çatacaq, konkret tədbirlər görüləcək, ictimiayyət məlumatlandırılacaq. Buna şübhə ola bilməz”.

 

Deputat əlavə edib: “Bütün bunlarla yanaşı, Gədəbəydəki etirazçıların arasında bəzi təxribatçı qüvvələrin olduğunu da cənab Prezident qeyd etdi. Bu qüvvələr heç bir zərurət olmadan polisə daş atmaqla, xəsarət yetirməklə Azərbaycanda ictimai siyasi sabitliyi pozmağa cəhd edirlər. Bu, qətiyyən yolverilməzdir. Hətta ən inkişaf etmiş, özlərini “demokratik cəmiyyət” adlandıran ölkələrdə belə polislərin qanunsuz mitinqlərə, küçə yürüşlərinə, aksiya keçirənlərə qarşı olduqca sərt davranışlarının şahidi oluruq. Paris kimi bir şəhərin mərkəzində polislərin mitinq iştirakçılarını atların ayaqları altına atdıqlarını, onlara xəsarət yetirdiklərini, ölüm hallarını görürük. Şükürlər olsun ki, Azərbaycan polisi o cür sərt tədbirlərdən istifadə etmir. Maksimum çalışır ki, aksiya iştirakçılarına qarşı yumşaq, mədəni davransın. Daha çox maarifləndirmə yolu ilə insanları qanunlara riayət etməyə çağırır. Cənab Prezident tamamilə haqlı olaraq polisə daş atılmasını, müxtəlif zorakı vasitələrdən istifadə edilməsini qəbul etmədiyini bildirdi. Təbii ki, cəmiyyət, Azərbaycan xalqı onu dəstəkləyir. Heç nə çox böyük çətinliklər hesabına yaradılmış ictimai-siyasi sabitliyin pozulmasına səbəb olmamalıdır. Heç bir halda xarici düşmənlərimizə, Azərbaycanın güclənməsini, inkişafını arzulamayan qüvvələrin əlinə hər hansı arqument verməməliyik. Cənab Prezident altı ayın yekunlarına dair keçirilən müşavirədə hökumətin son altı ay ərzində gördüyü işlərlə, dövlətin qarşıya qoyduğu prioritet məsələlərlə, əhalini narahat edən, ictimaiyyətin diqqət mərkəzində olan bir çox məsələlərlə bağlı açıq şəkildə fikirlərini bildirdi. Ən xoş hal budur ki, hökumət altı ay ərzində qarşısında duran bir çox vəzifələrin öhdəsindən gəlib, makroiqtisadi göstəricilər, sabitlik təmin olunub. Maliyyə, sosial məsələlərlə, büdcə icrası ilə bağlı bütün rəqəmlərə baxsaq, artım tempini müşahidə edə bilirik. Təbii ki, ümumilikdə reinteqrasiya, “Böyük Qayıdış” planının icrası ilə bağlı görülən işlər də bizi sevindirir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti, təmir, bərpa işləri hər kəsin ürəyincədir. Bu, xalqımıza ümid verir ki, çox yaxın gələcəkdə keçmiş məcburi köçkünlərin kütləvi şəkildə qayıdışını müşahidə edəcəyik”.