Bu gün ölkəmizdə İslam dinin abidələri və zəngin mənəvi irsinin qorunub saxlanılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Konstitusiyada dövlətin dünyəviliyinin açıq şəkildə ifadə edilməsi Azərbaycanın ən dünyəvi müsəlman cəmiyyətlərindən biri olduğunu iddia etməyə əsaslı zəmin yaradır.
Azərbaycanın vətəndaşları öz inanc və dinlərindən olan insanlara müqəddəs bayramlarını qeyd etməyə və ənənələrini yaşatmağa imkan verir. Ölkəmizdə Müsəlmanlar tərəfindən qeyd olunan Ramazan ayı İslam təqvimində ən şəfaqətli və müqəddəs ay hesab edilir və İslamın əsas şərtlərindən biri sayılır. Onu məcazi şəkildə “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayda Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim nazil olmuşdur.
Ramazan mədəni maarifləndirmə, həmrəylik, mədəniyyəti bölüşmək, səbr, mədəniyyətlərarası dialoqun təşviqi ayı sayılır. Müsəlmanlar bu müqəddəs ayın son gününü Ramazan bayramı kimi qeyd edirlər.
Sevindirici haldır ki, mübarək Ramazan ayı bu il müstəqil Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunduğu, tariximizə Zəfər günləri kimi yazılan bu əlamətdar dövrə təsadüf edir.
Bu məcrada, 27 mart 2024-cü il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayonunda ərazi üzrə din xadimləri və dini icma nümayəndələri ilə iftar süfrəsi ətrafında bir araya gələrək “Azərbaycan multikultural dəyərlərə sadiqdir” mövzusunda görüş keçirib.
Görüşdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbə müdiri İlham Qəribov, Göyçay və Ağdaş Rayon İcra Hakimiyyəti başçılarının müavinləri Zivər Zeynalova və Aynur Novruzova da iştirak ediblər.
Çıxış edən M.Əfəndiyev Azərbaycanın hər zaman İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olduğunu vurğulayaraq, əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizin digər din və mədəniyyətlərə də qucaq açdığını, əksər ölkələrdən fərqli sivilizasiya formalaşdırdığını diqqətə çatdırdı. Məhz multikultural dəyərlərin qorunması istiqamətində əldə etdiyimiz nailiyyətin xalqımızın vəhdət təşkil edərək ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasında rolu xüsusi vurğulandı.
Bu məqsədlə qəbul olunan “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikasının Qanunu da qeyd edildi. Eyni zamanda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən dini-mənəvi dəyərlərimizə göstərilən diqqət, qayğıdan söhbət açıldı.
Görüş müqəddəs kitabımız Qurani-Kərimdən ayələr səsləndirilməsi ilə davam etdi. Sonda iştirakçılar təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.
Bir daha 89 saylı Göyçay-Ağdaş seçki dairəsi seçicilərini insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran, onları əmin-amanlıq, qardaşlıq, bərabərlik yoluna dəvət edən müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk.