Deputat intihar edən tələbədən YAZDI

Milli Məclisin deputatı Etibar Əliyev yüksək bal toplayaraq ali məktəbə qəbul olunan tələbələrin son günlər intihar etmələrinə münasibət bildirib.

Modern.az xəbər verir ki, E.Əliyev baş vermiş hadisələrin dərindən təhlil edilməli olduğuna diqqət çəkib: “2016-cı ilin oktyabr ayının 10-da Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu intihar etmişdi. H. Abbasov qəbul imtahanlarından 670 bal toplayıb bu il ali məktəbə daxil olmuşdu. 2022-ci ilin oktyabr ayının 7-də UNEC-in 4-cü kurs tələbəsi Şəhriyar Səmədov Bakının Nizami rayonu, Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Şəhriyar 684,8 bal toplayaraq UNEC- ə qəbul olunmuşdu. O, həm də Prezident təqaüdçüsü idi. Etiraf edək ki, hər iki Ali məktəbdə yüksək təhsil mühiti formalaşdırılıb".

"Ancaq belə bir analogiya!!! Bu iki dəyərli gəncin özlərinə qəsd etmələri insanın qanını dondurur. İntihar aktları dərindən təhlil olunmalıdır. Əlbəttə ki, bu, sosioloqlarla psixoloqların işidir. Ali məktəblərdə Sosiologiya və Psixologiya elmlərinin tədrisi dalana sıxılıb. Müəllimlərin fənlərdəki yeniliklərdən xəbərləri yoxdur. Fəlsəfə isə ümumiyyətlə yığışdırılır. Cəmiyyət və fərdlə bağlı 3 elm sahəsinin tələbələrə tədrisi acınacaqlı durumdadır. Televiziyaları isə tənqid etmək olmaz. Bu, sırf təfəkkür məsələsidir”, - deputat qeyd edib.