Deputat Kürdəmirin problemlərindən danışdı

Bildiyiniz kimi, hazırda Milli Məclisdə ölkəmizin gələcək il üçün büdcə layihəsi müzakirə edilir. Bu sənəd olkənin ən vacib, gələcək il üçün böyük sosial-iqtisadi əhəmiyyəti olan bir dövlət sənədidir. Büdcə müzakirələrində regional məslələrin həllinə də geniş yer ayrılıb və mən də sizlərin, Kürdəmir rayon əhalisinin Milli Məclisdə təmsilçisi kimi rayonumuzla bağlı təkliflərimi dövlət nümayəndələrinin diqqətinə çatdırdım.

Təqdim edilən təkliflər sizlərlə görüşlərimdə ən çox səsləndirilən, rayon əhalisini ən çox narahat edən məsələlərdir. Bundan başqa, qeyd etməliyəm ki, rayonumuzla bağlı bir çox məsələlər də ayrı-ayrılıqda müvafiq dövlət qurumlarına çatdırılmış, bu problemlərin həll ediməsi üçün həmin qurumların rəhbərləri ilə birbaşa görüşlərdə səsləndirilmişdir.

• İlk növbədə rayon mərkəzinin kanalizasiya problemi. Bu problem hamımızı narahat edən, həllini illərdir gözləyən məsələdir və bu məsələnin həll edilməsi üçün yenidən dövlət qurumları qarşısında məsələ qaldırmağı özümə borc bilirəm.

• Respublika əhəmiyyətli təhsil ocaqlarından birinin və ya bir neçəsinin Kürdəmir rayonuna köçürülməsi. Kürdəmir rayonu respublikanın demək olar ki mərkəzində yerləşməklə ölkənin bütün istiqamətlərinə gedən magistral xəttlərin üzərində yerləşir. Ölkənin ən əsas şosse, dəmir yolları rayon ərazisindən keçir. Böyük həcmli Ali təhsil müəssisələrindən bəzilərinin bu rayonun ərazisinə köçürülməsi paytaxtın tələbə yükünü azaltmaqla eyni zamanda regionun çoxşaxəli inkişafında mühüm rol oynaya bilər.

• Rayonumuzda yarasız vəziyyətdə olan məktəb binaları, artıq istismar müddətini bitirmiş uşaq bağçalarının yerində yeni tədris binalarının tikilməsi. Rayonun Sovla, Pirili, Çöhranlı tam orta məktəblərinin tikintisinə, şəhər 2 saylı, (E.Zülfüqarov adına) Şilyan, (Q.Əliyev adına) Qarabucaq qəsəbə, Muradxan, Pirili, Topalhəsənli, Köhnəbazar tam orta məktəblərinin və Bala Kəngərli kənd ümumi orta məktəblərinin əsaslı təmirə ciddi ehtiyac vardır.

• Rayon mərkəzində Uşaq İncəsənət məktəbinin inşa edilməsi. Uzun illərdir hamımızın arzuladığı, həllini səbirsizliklə gözlədiyimiz bir mədəniyyət ocağının inşa edilməsi rayon əhalisi üçün olduqca əhəmiyyətli bir məsələdir.

Yuxarıda qeyd edilənlərdən başqa, rayonumuzun bəzi kəndlərində hələ də həllini gözləyən yolsuzluq, kəndlərdə internet-kommunikasiya, elektrik xətlərinin yenidən qurulması, suvarma sistemlərinin təkmilləşdirilməsi haqqında verdiyim təkliflərin gələn ilin büdcəsində dövlət xərclərinə salınması haqqında müraciət edilmişdir.

Rayonumuzun coğrafi yerləşməsinin əsas gətirməklə regionun logistik imkanlarından istifadə edilməsi, bu istiqamətdə investisiyaların cəlb edilməsi, işsizlik probleminin mümkün qədər aradan qaldırlması üçün regiona uyğun olan sənaye, emal və digər müsəssisələrin rayonumuzun ərazisində planlaşdırılması da tərəfimdən dövlətə təklif edilmişdir.

Qəbul ediləcək dövlət büdcəsi müstəqil Azərbaycan dövlətçiliyi tarixində ən böyük həcmli büdcə sənədi olacaqdır. Dövlətimiz qarşısında həllini gözləyən çoxsaylı problemlər vardır. Ümid edirəm ki, mövcud bütün çətinliklərə baxmayaraq gələn il xalqımız, dövlətimiz, eyni zamanda rayonumuz üçün xeyirli işlərlə, böyük nailiyyətlərlə yadda qalacaqdır.

Əminə Ağazadə 

Millət Vəkili