Deputat Məşhur Məmmədov Miyankü kəndinin şəhid ailələri ilə görüşüb

Anım günləri çərçivəsində Milli Məclisin deputatı Məşhur Məmmədov həftəsonu Masallı rayonunun Miyankü kəndində şəhid ailələri ilə görüşüb. Görüş kənd şəhidlərinin xatirəsinə inşa olunmuş Miyankü Şəhidlər Bulağının qarşısında baş tutub.

Millət vəkili ailələrlə səmimi söhbətlər aparıb, onların qayğı və müraciətləri ilə maraqlanıb, ünvanlanan sualları cavablandırıb. Görüş zamanı şəhid ailələri onlara göstərilən daimi diqqət və qayğını xüsusi vurğulayıb, ölkə rəhbərliyinə və yerli səlahiyyətli şəxslərə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra Məşhur Məmmədov, şəhid ailələri və kənd sakinləri ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş Miyankü kəndinin şəhidlərinin məzarlarını ziyarət edib, məzarlar üzərinə gül dəstələri düzüb və onların əziz xatirəsini ehtiramla yad ediblər.

Deputat qeyd edib ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı Azərbaycan dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

“Bu cür görüşlər bir daha təsdiqləyir ki, şəhidlərimizin ailələrinə göstərilən diqqət və ehtiram bizim mənəvi borcumuzdur. Onların fədakarlığı, Vətən sevgisi hər birimiz üçün örnəkdir”, – deyə millət vəkili Məşhur Məmmədov vurğulayıb.