Deputat sosial güzəştlərin əhatə dairəsinin genişləndirilməsini təklif edir

Milli Məclisin deputatı Könül Nurullayeva sosial güzəştlərin əhatə dairəsinin genişləndirilməsini təklif edir.

Sabahinfo.az-ın məlumatına görə, deputat 2022-ci ilin dövlət büdcəsinin təqdimatı zamanı təkliflər irəli sürərək bildirib ki, büdcə lahiyəsində ödənişli əsaslarla qəbul olmuş 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslər təhsil haqqından azad edildiyi halda, müharibədə iştirak etmiş, lakin əlilliyi olmayan, yaxud 3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqı problemləri ilə əlaqədar məsələ açıq qalır:

“Hesab edirəm ki, 3-cü qrup əlilliyi olan şəxslərin təhsil haqqlarından azad edilmələri üçün 1-ci və 2-ci dərəcə əlliliyi olan şəxslər üçün nəzərdə tutulmuş vəsaitə uyğun məbləğ ayrılmalıdır”, - deyə deputat bildirib.

K.Nurullayeva qeyd edib ki, əhalinin sosial müdafiəsi gücləndirilməli, gəlirlərin artırılması dayanıqlı və məqsədyönlü xarakter daşımalıdır:

“Əhalinin sosial müdafiəsini daha da gücləndirməyə nail olmaq üçün iqtisadi müstəvidə gəlirlilik və idarəetmədə səmərəlilik yüksək səviyyədə olmalıdır”, - deyə deputat bildirib.

K.Nurullayeva həmçinin təhsildə dövlət strategiyasını nəzərə alaraq hesab edir ki, elmi-tədqiqat işlərinə, startaplara və innovasiyalara daha çox vəsait ayrılmalıdır. Yəni yaradıcılıq kapitalı ilə beynəlxalq miqyaslı layihələrə qoşulmaqla bağlı vəsaitlər ayrılmalıdır.