DƏYİŞMƏZ VƏ ƏBƏDİ DƏYƏRLƏR

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində sentyabrın 14-də keçirilmiş dinləmələr zamanı səsləndirilən fikir və rəylər göstərdi ki, hətta demokratiyanın beşiyi sayılan ABŞ-nin özündə belə, siyasi maraqlar bəzən ədalətdən və beynəlxalq-hüquq normalarından üstün tutulur. Təəssüf ki, Azərbaycan son 30 ildə bu cür haqsız yanaşma ilə dəfələrlə üzləşməli olub. Avropa Parlamentinin növbəti dəfə qəbul etdiyi anti-Azərbaycan ruhlu qətnamənin ABŞ Senatında keçirilən dinləmələrlə eyni vaxta düşməsi də əsla təsadüfi deyil. İstər okeanın o biri, istərsə də bu biri tayında ölkəmizin əleyhinə səsləndirilən fikir və rəyləri, qəbul olunmuş qətnaməni nə qədər “insan haqları və humanitar fəlakət” kimi həssas dəyərlərin pərdəsi altında gizlətməyə çalışsalar da, onların arxasından Ermənistanın və erməni separatizminin maraqlarına dəstək mövqeyi açıq-aydın boy göstərir. Bir daha əmin oluruq ki, ədaləti heç kimdən gözləməməliyik. 44 günlük Vətən müharibəsində olduğu kimi, haqqa da, ədalətə də yalnız özümüz nail olmalıyıq.

Senatda aparılan dinləmələr Ermənistanın və havadarlarının uydurduğu “Qarabağda humanitar böhranın yaşanması” kimi həqiqətdən çox uzaq olan məsələyə həsr edilmişdi. Çıxış edənlər erməni lobbisinin onlara ötürdüyü çirkli “şparqalka” əsasında bütün dünyanı inandırmağa çalışırdılar ki, Qarabağda nəinki humanitar fəlakət yaşanır, guya hətta biz ermənilərin etnik təmizlənməsinə hazırlaşırıq. Bu iftira yalnız bir məqsədə- Laçın yolundakı sərhəd-keçid məntəqəsinin aradan qaldırılması tələbinin legitimləşdirilməsinə xidmət edir. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, beynəlxalq hüquqla təsbit olunmuş suveren haqqımızı heçə sayan bu tələbin və keçirilən dinləmələrin təşkilatçılarından biri senator Robert Menendezdir. Onun qatı ermənipərəst mövqeyi cəmiyyətimizə çoxdan məlumdur. O da məlumdur ki, erməni əsilli xanımla evli olan senatorun aşırı erməni sevdasının arxasında həm də bu cür şəxsi motivləri dayanır. Amma bu “incə” özəllik əsas vermirdi ki, onun sədrliyi ilə keçirilən dinləmələrin digər iştirakçıları-təcrübəli və hörmətli senatorlar da Laçındakı sərhəd-buraxılış məntəqəsindən indiyədək minlərlə erməninin maneəsiz şəkildə hər iki istiqamətdə keçidini təsdiq edən videofaktları görməzdən gəlsinlər. O da qəribədir ki, ABŞ Dövlət Departamentinin yüksək ranqlı rəsmiləri bir tərəfdən bəyan edirlər ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırlar, digər tərəfdən isə bu atributların mühüm göstəricisi olan sərhəd-keçid məntəqəsinin fəaliyyəti nədənsə onların etirazına və anlaşılmaz qıcığına səbəb olur. Təəssüf ki, Dövlət Departamentinin əvvəlki bəyanatlarının ziddinə olaraq, dinləmələrdə iştirak edən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim də senator Robert Menendezin ermənipərəst mövqeyinin və əsassız iddialarının müdafiəsinə qoşuldu. Elə buna görə də cəmiyyətimizdə haqlı sual yaranıb: ABŞ-nin Prezident Administrasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı olan mövqeyinə sadiqliyini qoruyur, yoxsa onun da mövqeyi dəyişib? Axı, suverenlik atributlarının aradan qaldırılması istəyi nəticə etibarilə istənilən separatizmin həvəsləndirilməsinə xidmət edir və bu, təkzibolunmaz həqiqətdir.

“Humanitar fəlakət” bəhanəsini uyduran Ermənistanın və havadarlarının yalnız bir məqsədi var. Sosial şəbəkələrin erməni seqmentinə hətta ötəri diqqət yetirmək kifayət edir ki, bütün bu iftiraların əslində nəyə xidmət etdiyini açıq şəkildə görmək mümkün olsun. Ermənilər bir ağızdan etiraf edirlər ki, nə qədər Prezident İlham Əliyev Azərbaycana rəhbərlik edir, onların Qarabağ xülyası və “miatsum” arzusu gözlərində qalacaq. Buna görə də hansısa xarici dirijorun və ya dirijorların “sehrli” çubuğu ilə erməni lobbisinin və erməni kilsəsinin informasiya və maliyyə resursları yalnız bir nəfəri- Prezident İlham Əliyevi hədəfə alıb. Çünki tarixi Zəfərin altında məhz onun Müzəffər imzası dayanır. Ermənilərin məkrli planı həm də Azərbaycanı özündən asılı vəziyyətdə görmək istəyən, Azərbaycan Prezidentinin müstəqil siyasi kursundan və iradə əzmindən qıcıqlanan bəzi güclərin də maraqlarına xidmət edir. Amma həm Ermənistan və havadarları, həm də onlara züy tutanlar gözlərini və qulaqlarını açıb bilsinlər ki, 1988-1992-ci illər artıq keçmişdə qalıb. Müasir Azərbaycanın ictima-siyasi əhval-ruhiyyəsinə o illərin prizmasından yanaşmaq arzusunda olanlar, öz içərimizdə hələ də nostalji xülyası ilə yaşayanlar növbəti dəfə yanılır və yalnız özlərini aldadırlar. Azərbaycan xalqı artıq tarixi Qələbənin nə demək olduğunu və onun miqyasını, bu möhtəşəm Zəfərin hansı əziyyətlər və fədakarlıqlar hesabına başa gəldiyini hər kəsdən yaxşı bilir. Xalqımız gözəl bilir ki, tarixi Zəfərə görə şəhidlərimizə, qazilərimizə, qəhrəman Ordumuza və ətrafında bir yumruq kimi birləşdiyi Müzəffər Ali Baş Komandanına borcludur. Onların hər biri Azərbaycan üçün dəyişməz və əbədi dəyərlərdir. Azərbaycan xalqı nə tarixi Zəfərini, nə də onun arxasında dayanan dəyərlərini heç vaxt və heç kimə güzəştə getməyəcək!

Ülvi Quliyev Milli Məclisin deputatı