Diplomatik məharətin təntənəsi

Vətən müharibəsinin başlanması Azərbaycan üçün seçim yox, qaçılmaz tarixi zərurət oldu. Ermənistanın işğalçı siyasəti, beynəlxalq təşkilatların qeyri-obyektiv və ikili standartlara əsaslanan mövqeyi uzun illər ərzində aparılan sülh danışıqlarını nəticəsiz qoydu. Belə ki, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin azad olunmasını tələb edən qətnamələri kağız üzərində qaldı. Bu faktor beynəlxalq hüququn prinsiplərinin pozulmasının bariz nümunəsi idi.

Cəmi 44 gün davam edən Vətən müharibəsi müasir tariximizin ən şanlı səhifələrindən biri kimi yadda qalıb. Ordumuzun qəhrəmanlığı, yüksək döyüş hazırlığı və xalqın müstəsna dəstəyi nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Ən çətin əməliyyatlardan biri – Şuşanın azad olunması Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını dünyaya nümayiş etdirib.

2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Üçtərəfli bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan geri qaytarılıb. Bu şanlı Qələbə xalqın milli birliyinin, dövlətin siyasi qətiyyətinin və diplomatik məharətinin təntənəsi idi. Qazanılan Zəfər həm də uzun illər xalqımıza sarsılmaz inam və gələcəyə güvən bəxş edib.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Şəhid ailələri və qazilərin rifahı daim diqqət mərkəzindədir, dövlət tərəfindən bu kateqoriyadan olan şəxslərə göstərilən qayğı, sosial paketlər, mənzil təminatı və təhsil imkanları milli həmrəylik və dövlət siyasətinin praktiki ifadəsidir.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis edilib. Bakıda inşa olunan 10 hektarlıq Zəfər parkı və Vətən Müharibəsi Memorial Kompleksi şəhidlərin xatirəsini əbədiləşdirir. Əsas məqsəd xalqın qəhrəmanlıq tarixini gələcək nəsillərə ötürmək, milli yaddaşı qorumaq və cəmiyyətin hər üzvündə vətənpərvərlik hissini gücləndirməkdir.

Azərbaycan dövləti tarixi Zəfəri gələcək nəsillərin yaddaşında əbədi yaşatmaq üçün mühüm layihələr həyata keçirir. Paytaxtda salınan Zəfər Parkı, Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi xalqın qəhrəmanlıq dastanını dünyaya təqdim edir.

Arzu Həziyeva

Naxçıvan Heydər Əliyev Məktəbinin müəllimi