“Qaradağ rayonunda belə bir layihə ilə bağlı dövlət bankından 1 milyarddan artıq məbləğ alınıb, lakin qalıb yarımçıq, göz dağı kimi orada”.
Sabahinfo.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında həmkarı Siyavuş Novruzovun dediklərinə reaksoya verərkəsn bildirib.
Onun sözlərinə görə, meqa layihələr üçün bank zəmanəti olmalıdır:
“Çünki bu dövlət bankı ola bilməz. Dövlət banklarının özəlləşdirilməsi də gündəmdədir. Bu bank sonradan özəlləşə də bilər və layihədən imtina edə bilər”.
Həsənquliyev hesab edir ki, dövlət banklarının belə layihələri maliyyələşdirməsinə qanunla qadağa qoyulmalıdır:
“Bundan başqa, orada ekspertiza aparılmalıdır. İnvestorun maliyyəsi barədə sənəd tələb olunmalıdır. Süni ada yaradıb, üzərində milyardlara bərabər tikinti aparılacaq. Torpaq Məcəlləsinə görə, 2016-cı ildə edilən dəyişiklikdə bildirilir ki, dövlət sahibkarlıq sahəsində sadəcə dövlət maraqlarına uyğun tənzimləmələr həyata keçirir. Dövlət sahibkarlıqla məşğul olmamalıdır. 8.3-cü maddə ilə bağlı süni torpaq sahəsi yaradılandan sonra dövlətin mülkiyyətinə keçir. Bu nə deməkdir? Mən öz pulumla süni torpaq sahəsi yaradıram. Niyə sonradan dövlətin hesabına keçir ki? Buna dəyişiklik edilməlidir”.
Deputat Nurlan Həsənov isə bildirib ki, sahilboyu ərazilərin özəlləşdirilməsi ilə bağlı qadağa var, lakin istisna da mövcuddur:
“Dünya təcrübəsində hərbi məqsədlər üçün adalar yaradılsa da, bizdə bu iqtisadi məqsəd daşıyır. Xarici inverstorlarla bağlı isə deyə bilərəm ki, onların cəlb olunması hədəfdir”.
Deputat Tahir Mirkişili qeyd edib ki, bu qanun layihəsi süni adanın inşası üçündür:
“Necə ki, yol çəkilir, hansısa sahibkar otel tikir, bu da eynidir. Gələcəkdə sahibkar müəyyən vergilərdən azad ola bilər. Torpaq Məcəlləsinə görə süni adalar su fondunun üzərində yaradıldığı üçün özəlləşdirilə bilməz, dövlətin hesabında olmalıdır. Bu, dünyanın hər yerində belədir. Torpağın sahibkarın mülkiyyətində olması əlavə xərcdir. Sahibkara maraqlı olan onun üzərindəki mülkiyyətdir”./Bakıvaxtı.az