Azərbaycanın dövlət müstəqilliyi uğrunda milli-azadlıq hərəkatı qeyri-rəsmi müasir Azərbaycanın bayrağının işığında gedirdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycan bütün dövlətçilik təsisatlarını yaratdı. XX əsrin əvəllərində, 1918-ci ilin 28 mayında Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdı. Yeni Azərbaycan onun mənəvi varisi idi...
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. Bu, zaman anlamında dünənlərin dövlətçiliyinə tarixi sədaqət kimi tarixləşdi.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev xatırlayırdı: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdır. Çıxartdıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır - milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir . Bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncam imzaladı. Bu sərəncamla yeni bir dövlətçilik rəmzi yaradıldı. Bu yeni rəmz Bakının, deməli, Azərbaycanın qonaqlarının heyrət ünvanlarından biri kimi tarixləşdi…
Dövlət bayrağı Meydanında Dövlət bayrağı Muzeyi də yaradıldı ki, bu da Azərbaycanın dövlətçilik tarixinə sədaqətin ifadəsi oldu. Muzeydə Azərbaycanın Dövlət Bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqları da nümayiş etdirilir, qonaqlara bu haqda ətraflı məlumatlar verilir. Muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixinə aid 400 eksponat var.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib ki, “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
Ümummilli Lider Heydər Əliyev Dövlət bayrağını belə səciyyələndirir, bu kəlamların fəlsəfəsinin mahiyyəti dövlətçiliyə sədaqətdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”. Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda formalaşan hər bir Azərbaycan vətəndaşı böyük tarixi şəxsiyyətin hər kəlamını həyat fəlsəfəsi bilir, bu kəlam da hər birinin düşüncələrindədi. Dövlət bayrağımızı sevirik. Şahidi olduğum bir hadisəni xatırlayıram: Qonşuluqda yaşayan 5 yaşlı uşaq harda Azərbaycan bayrağı görürdüsə, dayanırdı, ona incə təzim edirdi. Bu, düşüncələrimi də incələşdirirdi, duyğularımı da. Bayrağımıza münasibət düşüncələrimizi belə incəlışdirir. Dövlət Bayrağı günündə daha böyük məhəbbətlə...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı