Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
Fevralın 24-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edib.
DGK sədri qəbuldan öncə Saatlı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Saatlı, Sabirabad və İmişli rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.