Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsi İraqdan ölkəmizə gətirilən azərbaycanlı uşaqlarla bağlı məlumat yayıb.
Komitədən Sabahinfo.az-a verilən məlumatda deyilir: "Oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 38 uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.
Uşaqların Azərbaycana gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş koordinasiya olunmuş fəaliyyət və mərhələli tədbirlər nəticəsində mümkün olub. Prosesə hazırlıq məqsədilə İraq və Suriya Ərəb Respublikalarından AR vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdada ezam edilib.
Nəticədə Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin nümayəndəsinin də iştirak etdiyi Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə 38 uşaq ölkəmizə gətirilib.
Dövlət Komitəsi və digər aidiyyəti qurumların birgə iştirakı ilə uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər AR vətəndaşı İraq Respublikasından repatriasiya edilib.
Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq uşaqların və onların ailələrinin vəziyyətinin qiymətləndirilməsi və monitorinqi həyata keçirilir, eləcə də psixoloji dəstəyin göstərilməsi, müvafiq sənədlərin hazırlanması istiqamətində iş aparılır".