Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji istiqamətlərindəndir. İkinci Qarabağ müharibəsindən sonra da ölkəmizdə ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Belə ki, müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmiş, bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu olmuşdur. Məhz müharibədən sonra ordu quruculuğunda bu istiqamət nəzərə alınmış, Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və bundan sonra da yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Növbəti komando hərbi hissəsinin açılışı 23 iyun tarixində baş tutdu və Müzəffər Ali Baş Komandan İlham Əliyev komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində iştirak etdi. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bir çox mühüm açıqlamalar verdi. Ölkə başçısı bildirdi ki, dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir.
Hərbçilər qarşısında çıxış edən ölkə başçısı diqqətə çatdırdı ki, Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir.
Danılmaz həqiqətdir ki, Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Bu gün də Silahlı Qüvvələr vahid proqram əsasında inkişaf etdirilir və Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Ötən müddət ərzində Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır. Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Həmçinin Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin də xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb. Bütün bu böyük qüvvənin məqsədi ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, cari ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Dövlət büdcəsində isə iki əsas istiqamət müəyyən edilmişdir. Onlardan birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi hərbi potensialımızın gücləndirilməsidir. Komando hərbi hissəsinin açılış mərasimində Prezident İlham Əliyev bir daha bəyan etdi ki, bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Azərbaycan müstəqil siyasət aparmaq iqtidarındadır. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır.
Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı