Dövlətə, dövlətçiliyə, ölkə rəhbərinə sədaqət-vətənə xidmətdir

Dünyada baş verən sürətli qlobal dəyişikliklər, siyasi, iqtisadi dalğalanmalar, iqlim dəyişiklikəri və dünyada yeni yanaşma, idarəetmə mexanizmlərinin yarandığı bir vaxtda, Azərbaycanın isə dəyişən dünyada xüsusi çəkisinin tariximiz boyunca heç zaman bu qədər böyük olmadığı bir zamanda xalqımız dövlətimizin yanında olmalı və gələcək nəsillərə daha güclü bir Azərbaycan yaratmalıyıq. Bu gün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən dünyanın aparıcı dövlətləri ilə istər siyasi, iqdisadi, istərsə də mədəni əlaqələrin ən yüksək səviyyədə qurulması, ölkəmizin dünyanın diqqət mərkəzində olması, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi fonunda özləri daxildə olub amma xaricdən idarə olunan, daxili kin, paxıllıq və eqo ilə dolub daşan bəzi dırnaqarası həmvətənlərimizin sosial şəbəkələrdə ifadə etdikləri çürümüş siyasi düşüncələri olduqca zərərlidir. Bu zərərin onların özlərindən başqasına heç bir təsiri olmayacaqdır. Bu səhv yanaşmalar özləri kimi 3-5 cəmiyyət üzvlərinin onsuz da əvvəldən dolğun olmayan fikirlərini qarışdırmağa cəhddən başqa bir şey deyildir. Əsası Ulu Öndər tərəfindən qoyulan müasir Azərbaycan dövlətçiliyi bu gün cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Ölkə rəhbərinin siyasi iradəsi, xalqın gücü və ölkə rəhbərinə olan sarsılmaz etimadı gözəlləşən, inkişaf edən Azərbaycanı daha sürətlə dünya miqyasında söz sahibi edən dövlətlər cərgəsində qərar vermişdir. Bu gün reallığı nəinki qəbul etmək, hətta təbliğ etmək lazımdır. Dünyada və regionda sürətlə cərəyan edən hadisələr göz önündədir. Dünya tarixinə nəzər saldıqda görürük ki, o dövlətlər belə zamanlarda daha da qüvvətlənir və inkişaf edir ki, orada xalqla dövlətin vəhdəti hər zamankından daha möhkəm olur. Biz bu vəhdəti haqq davamız olan 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya nümayiş etdirmişik. Biz müharibədə qalib gəlmişik, amma qarşı tərəf hələ də özünü düşmən kimi aparır, tarixi havadarlarının diqtəsi ilə hər gün revanş mesajları ilə çıxışlar edir, ərazi bütövlüyümüzə təhdidlər yaradırlar. Bizim güclü ordumuz var və biz hər an bütün növ təhdidlərə cavab verməyə hazırıq, qadirik. Tarix boyu istənilən ən güclü ölkələrdə müəyyən çatışmazlıqlar olub və olacaqdır. Bu çatışmazlıqlar daimi deyil və qısa zaman kəsiyi üçün xarakterikdir. Bir zamanlar bizim üçün müdafiə sənayesi bəlkə də xəyal idi, amma dövlətimiz müdafiə sənayesini yaratdı. Qarabağın 44 gün ərzində işğaldan azad olunması bəlkə də kimlər üçünsə inandırıcı gəlməzdi, lakin biz buna əmin idik və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli ordumuzun hesabına bunu bacardıq. Bu proseslərə bir günə başlanılmır, illərin araşdırması, hesablaması və məxfiliyi var bu işlərin. Bu gün Azərbaycan xalqının rifahı, dövlətimizin, dövlətçiliyimizin inkişafı və ərazi bütövlüyümüzün qorunması naminə gecə-gündüz demədən, istər xaricdə, istərsə də daxildə yorulmadan iş aparan, ömrünü xalqımıza həsr edən ölkə rəhbərimiz var. Cənab Prezident hər şeyin ən yaxşısını bizdən daha yaxşı və hər zamankı kimi nəyi, nə zaman, harada edəcəyini çox gözəl bilir. Bizim üzərimizə düşən isə dövlət, dövlətçilik yolunda ölkə rəhbərinə sədaqətli olmaq və bu yolda istənilən maneəni dəf etməyə hər an hazır olmaqdır. Vətənə xidmət yalnız əynində hərbi geyim, əlində silah olmaqla deyil. Dövlətə, dövlətçiliyə, ölkə rəhbərinə sədaqət-vətənə xidmətdir. Hər kəs bunu bacardığı işi sevərək və ən yüksək səviyyədə həyata keçirməklə nail ola bilər.

 

Vətən müharibəsi iştirakçısı-qazi,

Ehtiyatda olan baş leytenant

Zamiq Mənsimli