Dövlətə xidmət və xeyirxahlıq missiyası

Azərbaycan qadını tariximizin bütün mərhələlərində dövlət və cəmiyyət həyatının sahələrində fəal olub, siyasi-ictimai, sosial-iqtisadi və mədəni proseslərə öz dəyərli töhfələrini verib. Tariximizin Vətən müharibəsi ilə şərəflənən indiki dövründə də qadınlar ölkəmizin daha da yüksəlməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurların miqyasının daha da genişlənməsi yolunda öz qüvvələrini əsirgəmirlər.
Birinci vitse-prezident, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın timsalında isə Azərbaycan qadınlarının müasir dövrümüzdə dövlət idarəçiliyində və ümumən cəmiyyətdə gedən proseslərdə iştirak səviyyəsi daha aydın görünür. Başqa cür desək, Mehriban Əliyevanın gördüyü işlərin nəticəsində Azərbaycan qadınının həm də işgüzarlığı, yüksək intellekti, dövlətimizə və xalqımıza uğurlu xidmətinin nümunəsi daha mükəmməl şəkildə təqdim olunur.
Mehriban Əliyevanın fəaliyyət sferası çoxşaxəlidir. Amma hansı sahədə olmasından asılı olmayaraq, ölkəmizin birinci xanımı dövlətə layiqli xidmətin ən gözəl örnəyini yaradıb. Hər bir təşəbbüsündə, hər bir layihə və proqramında Azərbaycanın və xalqımızın adını ucaldıb, Azərbaycan qadınının işgüzarlığının və fəallığının ən mükəmməl obrazını nümayiş etdirib. Mehriban Əliyevanın 1995-ci ildə yaratdığı Azərbaycan Mədəniyyətinin Dostları Fondu dövlətimizin mədəni quruculuğuna, mədəniyyətimizin təbliğinə, Azərbaycan həqiqətlərinin, üzləşdiyimiz ədalətsizliklərin, Ermənistanın işğal siyasətinin dünyaya çatdırılmasına böyük töhfələr verib. 
Eyni fikirləri 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu barədə də deyə bilərik. Ulu Öndərimizin adını daşıyan, onun irsini yaşadan bu fond Azərbaycanda və dünyada həm də xeyirxahlıq və mərhəmət məbədi kimi tanınır. Təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda da geniş rəğbət qazanan, hər zaman köməyə, yardıma ehtiyacı olanların yanında olan fondun ən böyük uğuru insanlara qayğı və təmənnasız xidmət amalını prioritet seçməsidir. Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün layihə və proqramlar Prezident İlham Əliyevin sosial siyasətinin daha böyük uğurlar qazanmasına xidmət edib, Azərbaycanı dünyada layiqincə tanıdıb. Mehriban Əliyevanın dünyanın iki nüfuzlu təşkilatının xoşməramlı səfiri adını daşıması da ölkəmizin birinci xanımının xeyirxahlıq missiyasının beynəlxalq miqyasda rəğbətlə qarşılanmasının nəticəsidir.
Mehriban Əliyeva deputatlıq fəaliyyəti dövründə parlament mədəniyyətinin inkişafında böyük xidmətlər göstərib, respublikamızda qanunvericilik bazasının təkmilləşdirilməsinə, Azərbaycanın parlamentlərarası əlaqələrinin genişlənməsinə dəyərli töhfələrini verib.  Mehriban Əliyevanın parlamentdəki fəaliyyətinin ən yaddaqalan məqamlarından biri onun təşəbbüsü ilə 2007-ci ildə Ulu Öndərin anadan olmasının 84 illiyi, 2009-cu ildə Novruz bayramı, 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyi və 2016-cı ildə Respublika Günü münasibətilə parlamentdə amnistiya elan edilməsi barədə qərarların qəbul olunmasıdır.
Mehriban Əliyeva həm də təmsil olunduğum Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavinidir.  Mehriban Əliyevanın həyata keçirdiyi bu vəzifə YAP-ın inkişafında və cəmiyyətdəki nüfuzunun daha da yüksəlməsində mühüm rol oynayan amillər sırasında yer alır.
Bu ilin avqustunda Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları möhtəşəm qələbələrə imza atdılar. IV İslam Həmrəyliyi Oyunları 2017-ci ildə Bakıda keçirilmişdi. O zaman beynəlxalq idman ictimaiyyəti Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyətinin timsalında kütləvi idman tədbirinin ən ideal şəkildə təşkil olunmasına şahidlik etmişdi. Ondan əvvəl isə Mehriban Əliyevanın rəhbərliyi ilə "Avroviziya"  mahnı müsabiqəsi və Birinci Avropa Oyunları təşkil edilmişdi. Bütün bunlar Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığını sübut etmişdi. 
5 il əvvəl Mehriban Əliyevanın siyasi fəaliyyətində yeni missiya başladı.  Həmin ilin fevral ayından ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunan Mehriban Əliyeva bu missiyanı uğurla və layiqincə daşıyır, Prezident İlham Əliyevin siyasi kursunun uğurla reallaşmasında fəal iştirak edir. Bu dövrdə Mehriban Əliyevanın təşkilatçılığı ilə keçmiş məcburi köçkünlərin yeni evlərə köçürülməsi, Aprel döyüşlərinin əlillərinin protezlərlə təmin olunması və digər sosial layihələr uğurla icra olunub.
Koronavirus pandemiyasının ən gərgin günlərində xalqımız Mehriban Əliyevanın problemə həssas münasibətini gördü. Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən xeyriyyəçilik minlərlə ailəyə, ahıl insanlara böyük maddi və mənəvi dəstək oldu. 
44 günlük Vətən müharibəsində isə Mehriban Əliyevanın döyüşlərdə yaralanmış qəhrəman əsgər və zabitlərimizin müalicəsini birbaşa öz nəzarətinə götürməsi xalqımızın dərin rəğbəti ilə qarşılandı. Vətən müharibəsindən sonra Heydər Əliyev Fondunun Qarabağ və Şərqi Zəngəzurdakı tarixi və milli abidələrimizin bərpası ilə bağlı həyata keçirdiyi layihələr isə bir daha Mehriban Əliyevanın vətən sevgisinin ifadəsidir. 
Ən yüksək keyfiyyətlərə malik olan və hər bir sahədə əsl peşəkarlıq ortaya qoyan Birinci vitse-prezident Mehriban Əliyeva bundan sonra da dövlətimizin yüksəlişi üçün bütün imkanlarını səfərbər edəcək, Prezident İlham Əliyevin inkişaf siyasətinə davamlı töhfələr verəcək. 

Cavid OSMANOV,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü