Artıq Azərbaycan addım-addım işğal olunmuş ərazilərə tam nəzarəti bərpa edir. Mərhələli şəkildə Ağdam və Kəlbəcərdən sonra Laçın şəhəri və onun kəndləri düşmən izindən təmizlənir. Bunun davamı olaraq bu ərazilərin əsl sakinlərinin 30 illik həsrətdən sonra bölgəyə köçürülməsi işləri sürətlə davam etdirilir. Ermənilərin ərazini tərk etdikdən sonra yerli əhalinin Laçın şəhəri də daxil olmaqla Zabux, Sus və digər kəndlərə köçürülməsi prosesinə başlanılacaq.
Dövlətimiz işğaldan azad olunan bütün ərazilərdə o cümlədən, Laçında sürətlə bərpa-quruculuq işləri həyata keçirir. Həyata keçirilən bütün layihələr Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulduğu kimi yüksək səviyyədə icra olunur. Bərba-quruculuq işləri ilə yanaşı Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu həyata keçirir.
Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənayenin üzrə istehsalının təşkili mümkündür: İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın, həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaqdır.
Cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır
Laçının bu gün Azərbaycana bütövlüklə təhvil verilməsi və ətraf kəndlərin boşaldılması Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin nəticəsi, Azərbaycan diplomatiyasının qələbəsidir: Prezidentin dediyi kimi, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Ermənilər həmişə düşünürdülər ki, Laçın şəhərinin Azərbaycana qaytarılması mümkünsüzdür. Amma biz göstərdik ki, uğurlu diplomatiyamız nəticəsində bütün torpaqlarımızı ermənilərdən təmizləməyə qadirik. Laçın şəhərinin və sözügedən kəndlərin nəzarətimizə keçməsi ordumuzun qüdrəti və diplomatiyamızın məharəti nəticəsində mümkün oldu. Bu ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.
Azərbaycan Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Bu mənada Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır.
Əminə Ağazadə,
Milli Məclisin deputatı