Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir.
DTX-dən Sabahinfo.az-a verilən məlumata görə, aparılan araşdırmalarla Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.
Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.
Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin tam müəyyən olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq hüquqi prosedur tədbirləri həyata keçirilir.