“Azərbaycan və Türkiyənin birgə atdığı addımlar bu birliyin, həmrəyliyin əbədi və sarsılmazlığını, iki dost ölkənin daim bir yerdə olduğunu və bundan sonra da olacağını dünyaya çatdırır. Sentyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvanda görüşü, imzalanan sənədlər, mətbuata birgə bəyanatları münasibətlərimizdə yeni səhifə kimi dəyərləndirilir. Zəngin tarixə malik, biri-biri ilə qırılmaz tellərlə bağlı olan iki dost ölkənin yüksələn xətlə inkişaf edən əlaqələrini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə xarakterizə etdi: “Prezident seçkilərindən sonra ilk səfərimi iyun ayında Şimali Kipr Türk Respublikası ilə birlikdə Bakıya etmişdim. Bu dəfə sizinlə Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram…Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir.”
Dünya daim bu birliyin fonunda qardaşlığın, dostluğun nümunəsini görür. Tarixi Zəfərimiz əlaqələrimizin daha da möhkəmlənməsində stimulverici amil oldu. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycana dəstəyindən bəhs etməsin. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” mesajı qardaşlığımızın dünyaya nümayişi oldu. Qardaş ölkə sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini göstərdi, eyni zamanda, tarixi Zəfərimizdən sonra sahibinə qovuşmuş torpaqlarımızda atılan hər bir addımda Azərbaycanın yanındadır.”
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkilinin sözlərinə görə, Türkiyə Prezidentinin yalnız paytaxt Bakımıza deyil, bölgələrimizə səfər etməsi, orada görülən işlərlə yaxından tanış olması, gördüyü inkişafdan, tərəqqidən keçirdiyi xoşbəxtik hissini xüsusi vurğulaması iki qardaş ölkənin Prezidentlərinin şəxsi münasibətlərinin əlaqələrimizin inkişafında oynadığı rola aydınlıq gətirir: “Səfər çərçivəsində Prezidentlər Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Azərbaycan-Türkiyə birliyini daha da möhkəmləndirəcək sənədlər imzalandı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında yaxın günlərdə Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəyini də bildirdi.
Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri enerji layihələri dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. Bugünün əsas çağırışları sırasında yer alan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsini nəzərə alsaq əminliklə deyə bilərik ki, bu forumun nəticələri uğurlu olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Naxçıvanın qazı, nefti olmasa da, günəşi var. Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.”
Əliabbas Salahzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın bu günlərdə həyata keçirdiyi lokal antiterror tədbirlərindən bəhs edərək qardaş ölkənin dəstəyini xüsusi vurğuladı: “Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır.”
Millət vəkili bildirib ki, Azərbaycan və Türkiyə daim ədalətin və beynəlxalq hüququn yanındadır. Bütün məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərirlər: “Onların müştərək maraqları ondan ibarətdir ki, bölgədə sülh, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Cənab İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki, qardaş ölkənin Azərbaycana həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra göstərdiyi dəstək məhz bu məqsədə çatmaq üçün önəmli amildir.”
Əliabbas Salahzadə Azərbaycan və Türkiyənin bütün sahələrdə əlaqələrinin yükələn xətlə inkişafında maraqlı olduqlarını bildirib: “İmzalanan sənədlər də bunu təsdiqləyir. Münasibətlərdə yeni səhifə açan və artıq imzalanmasından iki ildən artıq vaxt keçən Şuşa Bəyannaməsinin bugünkü əlaqələrimizdə rolu böyükdür. Həmçinin Türkiyədən Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start verilməsi, Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması özündə bütün məqamları ehtiva edir.”
Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki, Türkiyə ilə Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq nümunəsidir.