Prezident İlham Əliyevin inauqurasiya mərasimindəki çıxışı ötən 20 ilə vurulan yekun və qarşıdakı illərə dair dövlətin və xalqın “yol xəritəsi”dir.
Bu sözləri “Report”a Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
O qeyd edib ki, dövlət başçısı çıxışında toxunduğu bütün məqamların – iqtisadiyyatdan tutmuş təhsilədək, - hər bir sahədə görülən işin və əldə edilən nəticənin işğal altında olan torpaqlarımızın qaytarılmasına hesablandığını vurğuladı:
“Bu gün bəzi xarici qüvvələr, dövlət və təşkilatlar öz maraqlarını güdüb bizim tarixi zəfərimizi sadəcə iki ölkə arasında müharibənin nəticəsi kimi yoza bilərlər. Ancaq tarixi reallıq budur ki, bu şanlı yol bizim bir xalq olaraq ümummilli mücadiləmizdir və bu mübarizənin önündə cənab Prezident İlham Əliyev durur.
İndiki mərhələ müasir tariximizin ən şərəfli anlarını yaşamağımız son 30 ildə - əvvəl Ulu öndər Heydər Əliyevin, sonra isə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə apardığımız məqsədyönlü fəaliyyətin nəticəsidir. Bu, effektiv iqtisadiyyat deməkdir”.
Deputat vurğulayıb ki, Azərbaycanın son illər ərzində keçdiyi iqtisadi inkişaf yolu bütün dünya üçün bir nümunədir. Ələxüsus da keçmiş postsovet məkanı, sosialist düşərgəsinin sabiq üzvləri ilə müqayisədə: “Biz bu gün Şərqi Avropa ölkələrini görürük, hansı ki, onlar da sosialist düşərgədə olublar, keçmiş SSRİ respublikalarının iqtisadi vəziyyətini izləyirik. Onlar özləri bildirirlər ki, Azərbaycan inkişaf baxımından sürətlə irəli gedib. Təbii ki, bunların hamısının əsasında güclü iqtisadiyyat və savadlı dövlət idarəçiliyi durur. Bu iki amil özü ilə həm sosial həyatdakı rifahı, həm təhsildəki nəticələri, həm güclü ordu quruculuğunu gətirir.
Bütün bunlar Azərbaycanın 20 il ərzində qazandığı milli birliyin və həmrəyliyin bəhrələridir. Ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik məhz həmrəyliyimizdən qaynaqlanır. Hər birimizin bir vətəndaş olaraq liderimizə inam və etimadımız, onun və ordumuzun ətrafında birləşməyimiz bugünkü qələbələrimizin əsas qayəsini təşkil edir”.
Prezident İlham Əliyevin yaxın illər üçün qarşıda duran əsas hədəfləri açıqladığını bildirən Elnur Allahverdiyevin sözlərinə görə, əsas məsələ Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Prezidentin də vurğuladığı kimi söhbət azad edilmiş bölgələrin yenidən qurulması, əhalinin doğma yurduna geri dönməsi ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun həm də ölkənin iqtisadi həyatında yeni və mühüm iqtisadi istiqamət olmasından gedir:
“Belə demək mümkündürsə, burada Azərbaycanın yeni iqtisadiyyatının əsası qoyulur. Bu, güclü qeyri-neft sektor, yeni sənaye sahələri, turizm, kənd təsərrüfatı üçün münbit şərait və təbii ki, yeni trend olan “yaşıl enerji” deməkdir. Prezident İlham Əliyev torpaqlarımız işğaldan azad olunan kimi bu ərazilərimizi ekoloji cəhətdən təmiz zona elan edəndə, dünyanın bir çox yerində bərpa olunan enerji mənbələri kimi anlayış hələ aktual deyildi. Biz son 3 ildə bu mövzunun bütün dünya üçün nə qədər əhəmiyyət qazandığını görürük. Deməli, biz bu sahədə də dünyanın böyük hissəsini qabaqlamışıq. Xüsusilə COP29 kimi əlamətdar tədbir zamanı bizim bu imkanlarımızın və gördüyümüz işlərin təbliği, təqdimatı dövlətimizin imicinin daha da yüksəlməsinə xidmət edəcək”.
Azərbaycanın ayaqda möhkəm dayandığını bildirən parlamentari onu da əlavə edib ki, dövlət özünün müstəqil xarici siyasəti, düşünülmüş inkişaf strategiyası ilə bütün dünyanın diqqətindədir:
“Əks halda biz belə bir tarixi zəfəri əldə edə bilməzdik. Bizim bu inkişaf kursumuz gləcək nailiyyətlərimizin təminatıdır. Biz indi də dünyanın diqqətini Qarabağdakı quruculuq işləri ilə cəlb etməliyik. Biz vətənimizi necə sevdiyimizi, onu qanımız bahasına işğaldan azad etdiyimiz kimi, qurub-yaratmağı, viran edilmiş yurdumuzu yenidən inşa etmək bacarığımızı nümayiş etdirməliyik. Qalib liderimizlə bu vəzifənin də öhdəsindən layiqincə gələcəyik”.