Bu gün Azərbaycan Milli Ordusu Qafqazda ən müasir ordu hesab olunur. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.
Bunu tariximizin ən şərəfli, qürurlu səhifələrindən olan Azərbaycan Silahlı Qüvvələrinin yaranması ilə bağlı AZƏRTAC-a açıqlama verən Milli Məclisin deputatı Cəbi Quliyev bildirib.
O xatırladıb ki 1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilən ilk nizami hərbi hissə qısa zaman kəsiyində formalaşdı, gücləndi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" ("Дикая дивизия") adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əli ağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi 5000 nəfərdən ibarət idi. Həmin dövrdə Azərbaycanda qırğınlar törədən erməni daşnakları məhz vətənpərvərlərdən təşkil olunan ilk nizami hərbi hissəmiz tərəfindən darmadağın edildi, Göyçay, Şamaxı, Bakı işğaldan azad edildi, Qarabağ və Şərqi Zəngəzurda erməni qiyamçıları zərərsizləşdirildi. Lakin 1920-ci il aprelin 28-də Sovet imperiyasının təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süqut etdi. Bundan sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Milli Ordu quruculuğunda əsaslı dönüş Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra yarandı. Onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra Ulu Öndər Heydər Əliyevin fədakarlığı sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu.
“Dövlət müstəqilliyi bərpa edildikdən sonra 1993-cü ilin yayında ölkədə yaranmış hakimiyyətsizliyi bərpa etmək üçün Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldi. Xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyevin növbəti dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Azərbaycan Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalayıb. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirilib, ordu quruculuğu dövlətin prioritet məsələsi kimi daim ölkə Prezidenti İlham Əliyevin nəzarətində saxlanılıb. Otuz ilə yaxın bir müddətdə Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçılıq siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il sentyabrın 27-də əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı”, - deyə deputat bildirib.
Hərbçilərimizin NATO-nun, Türkiyənin kurslarında, təlimlərində iştirak etdiklərini, yeni bilik və təcrübələr qazandıqlarını diqqətə çatdırıan C.Quliyev əlavə edib: “Müasir silahlar, hərbi texnikalar istismara verilir, müdafiə sənayesi gücləndirilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun texniki təminatı olduqca yüksək səviyyədədir. Ordu quruculuğu üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrıldığı, heç bir məhdudiyyət olmadığı hər kəsə məlumdur. Bu gün Azərbaycan xalqı Silahlı Qüvvələrinə və onun Ali Baş Komandanına inanır, ona güvənir. Azərbaycan Ordusu qurucu babalarımızın bizə əmanət edib getdiyi bu Vətəni, məmləkəti göz bəbəyi kimi qoruyur”.