Prezident İlham Əliyevin Qırğızıstana ilk rəsmi dövlət səfəri reallaşdı. Qırğızıstan, Azərbaycanın təbii strateji müttəfiqi, türkdilli dövlətdir. Hər iki ölkəni tarixi, dini, mədəni tellər birləşdirir və səfər dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində keçirilir.
Prezidentlər İlham Əliyevin və Sadır Japarovun iştirakı ilə Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasının keçirilməsi, imzalanan sənədlər, sazişlər, ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşıyacaq, nəqliyyat-logistik imkanlarını artıcaqdır.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini özündə birləşdirir. Xəzər dənizi hövzəsində ən müasir standartlara cavab verən infrastruktura malikdir. Prezident İlham Əliyevin uzaqgörənliklə inşa etdirdiyi, ildə 15 milyon ton aşırma qabiliyyəti olan Ələt limanının gücü, yaxın zamanlarda 25 milyon tona qədər artırılacaqdır. Çin-Qırğızıstan-Özbəkistan dəmiryolu tikintisinin planlaşdırılması, ölkəmiz tərəfindən dəstəklənir və Çinlə Avropa arasında Orta Xətt marşrutunun bir hissəsi olacaqdır.
Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin adlarının əbədiləşdirilməsi, Azərbaycan-Qırğızıstan dostluğunu tərənnüm edən parkın açılışı, Bakı ilə Bişkekin qardaşlaşması, xalqlarımızı biri-birinə daha da yaxınlaşdırır.
Bütün bunlarla yanaşı, ən əsas məsələlərdən biri, iki qardaş ölkə arasında formalaşmış səmimi münasibətlərin günü-gündən inkişaf etməsidir. Qırğızıstan, Qazaxıstanla yanaşı, KTMT-n üzvü olmasına rəğmən Azərbaycan əleyhinə hansısa layihələrdə iştirak etmir. Ölkələrimiz, beynəlxalq platformalarda siyasi baxımdan vahid mövqe sərgiləyir. Hesab edirəm ki, münasibətlərimizin bu səviyyəyə gəlib çatmasının əsas səbəbi 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdir. Torpaqlarımızın işğaldan azad olunması, dünya erməniliyi və onların himayədarları üzərində əldə etdiyimiz Qələbə, qardaş xalqlarımızda özünəinam hissini artırmış, Azərbaycana münasibətini dəyişdirmişdir.
Yaxşı xatırlayıram. 90-cı illərin əvvəllərində, Qırğızıstanın birinci prezidenti Askar Akayev kosmopolit, müti bir çəxsiyyət idi. Onun İrəvana səfəri çərçvəsində saxta ,,genosid,, abidəsini ziyarət etməsi və əklil qoyması, Türk dünyasında şok yaşatmışdı.
Zaman sürətlə dəyişir. Dünyanın yeni təhlükəsizlik arxitekturası qurulur. Beynəlxalq hüququn işləmədiyi, ikili standartların hökm sürdüyü şəraitdə, hər bir dövlət öz təhlükəsizliyini xarici təsirlərdən qorumağı bacarmalıdır. Qloballaşan dünyada isə, ən inkişaf etmiş ölkə belə, təkbaşına müstəqilliyini qorumaq iqtidarında deyi. Bu baxımdan, Türkdilli dövlətlərin inteqrasiyası, Avropa İttifaqı formatına uyğun təşkilatda birləşməsi, tarixi zərurət, zamanın tələbidir. Müəyyən tarixi obyektiv gerçəkliklər üzündən, türk cümhuriyyətlərində milli özünüdərkin, milli şüurun inkişafının qarşısı alınmışdır. Bu gün də, türk birliyini özü üçün təhlükə olaraq qəbul edən qüvvələr, mümkün qədər prosesin qarşısını almağa cəhd edir, bəziləri isə, İran kimi türk düşmənlərinə hər tərəfli yardım göstərirlər.
Türk dünyası birləşməli, AvroAsiya coğrafiyasında iqtisadi, siyasi, elmi, texnoloji, hərbi, mədəni gücə çevrilməlidir. Bunun üçün bütün imkanlar, təbii resurslar, insan kapitalı mövcuddur. Çox sevindirici haldır ki, son zamanlar, Orta Asiya respublikaları arasında uzun illərdən bəri yığılıb qalmış problemlər həllini tapır. Qazaxlar, özbəklər, qırğızlar strateji inkişaf perspektivlərini türk birliyində görürlər. Qardaş Türkiyə ilə, Türk dövlətləri arasında koordinasiya proseslərinin tənzimlənməsi və körpü rolunu oynamaq kimi tarixi missiya, Azərbaycanın, Prezident İlham Əliyevin taleyinə yazılmışdır.
Son iki ildə, tarixi “Şuşa Bəyannaməsinin” imzalanmasından sonra, Qazaxıstanla, Özbəkistanla, Qırğızıstanla imzalanmış strateji müttəfiqlik müqavilələrinin hər biri, dövlətlərimizi daha da gücləndirir, xalqlarımızı birləşdirir.
Prezidentin Qırğızıstana ilk dövlət səfərinin müsbət nəticələri özünü çox gözlətməyəcək, hər iki xalqa iqtisadi və siyasi dividentlər gətirəcəkdir.