Dünyəvi siyasətdə əhəmiyyətli dövlətçilik təfəkkürü

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dönəm Azərbaycanın siyasi nüfuzu, iqtisadi inkişafı, mədəni tərəqqisi dövrü olub. Bu dövrlər bütün sahələr üzrə sabiq SSRİ-də Azərbaycanın nüfuzunu yüksəldirdi. Bu nüfuzun nəticəsi idi ki, Bakıda neçə-neçə ittifaq əhəmiyyətli zavod inşa edilmişdi ki, bunlar da təkcə iqtisadi baxımdan deyil, həm də siyasi baxımdan Azərbaycan üçün səmərəli idi. Bu səmərəni böyük tarixi şəxsiyyət Heydər Əliyev yaradırdı...
1994-cü il mayın 21-də Zuğulbadakı pansionatda məskunlaşan qaçqınlarla görüşdə “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.” deyən böyük tarixi şəxsiyyət dövlətlərarası münasibətləri bəşəri dəyərlərdən bilirdi. Belə dəyərlər dinc dünya deməkdir, müharibəsiz həyat deməkdir, dönməz sülh deməkdir. Ulu Öndərin fikirləri Azərbaycan xalqının fikirləri kimi tarixləşmişdi. Dünya ictimaiyyəti bir daha əmin olmuşdu ki, Azərbaycan dünyəvi dövlətdir, bəşəri dövlətdir.
Dünyanın əmin-amanlıqda yaşaması dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması ilə də şərtlənir. Bu şərt həm də xalqların bir-birinə qarşılıqlı etimadı, qarşılıqlı inamı, etibarı ilə müəyyənləşir. Dövlət həm də xalqın istəyini gerçəkləşdirməlidir. Xalq dostluq istəyirsə, dövlət bu dostluğun təşkilatçısı, təminatçısı olmalıdır. Bu prinsip dahi tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçilik prinsiplərindən olub. Ulu Öndər 1995-ci il iyulun 14-də Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeykonun şərəfinə təşkil edilən qəbulda nitqində belə demişdi: “Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq, qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik. Əgər dünya həqiqətən beynəlxalq hüquq normalarını tanıyırsa, əgər dünyada insan hüquqları real şəkildə qorunursa, onda heç kəs Azərbaycanın bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır”.
1996-cı il mayın 30-da “Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının perspektivləri” mövzusuna həsr olunmuş konfransın açılışında dedi: “Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin böyük tarixi var. Bu əlaqələr bir çox əsrlərboyu formalaşıb, inkişaf edib, bugünkü xoşbəxt günlərə gəlib çatıbdır. Xalqımızın eyni kökə, eyni dinə, eyni dilə mənsub olması, adət və ənənələrimizin bir-birinə bənzərliyi, yaxud eyniliyi, milli duyğularımızın bir-biri ilə oxşar olması - hamısı birlikdə əsrlərdən-əsrlərə xalqlarımızı bir, bərabər etmişdir, xalqlarımız arasında sıx dostluq, qardaşlıq əlaqələri yaratmışdır. Məhz buna görədir ki, biz tez-tez belə bir gözəl ifadəni işlədirik. “Biz bir millət, iki dövlətik” .
Böyük tarixi şəxsiyyət bu münasibətlərin sabahlarına böyük ümidlərlə, dönməz inamla baxırdı: “Biz müstəqillik əldə edən kimi, sərhədlər açılan kimi, bir-birimizlə əlaqələr asanlaşan kimi dostluğumuz, qardaşlığımız böyük bir fəvvarə kimi püskürdü və bütün dünyaya nümayiş etdirdi ki, Türkiyə ilə Azərbaycan keçmişdə də bir olub, bu gün də birdir, gələcəkdə də bir olacaqdır”.
Bu kimi yüzlərlə kəlam təsdiqləyir ki, Ulu Öndərin dövlətçilik təfəkkürü Azərbaycanın sərhədləri ilə məhdudlaşmırdı, Azərbycana ehtiramı olan dövlətləri də əhatələyirdi. 1996-cı il martın 27-də Azərbaycan-Rumıniya dövlətlərarası və hökumətlərarası sənədlər imzalandıqdan sonra birgə mətbuat konfransında bəyanatında dediyi fikirlər dövlətlərarası münasibətlər üçün siyasi aksiom kimi qəbul edilməlidir: “Dünyada heç kəs heç kimə öz prinsiplərini, öz iradəsini zorla qəbul etdirməməlidir, heç bir dövlət digər ölkələrin hüquq və mənafelərini pozmamalıdır”.
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçilik təfəkkürü dünyəvi siyasətdə indi də əhəmiyyətlidir...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı