Bakı Şəhər Dövlət Yol Polisi (DYP) moped və motosiklet idarə edən sürücülərə xəbərdarlıq edib.
İdarənin rəsmisi polis mayoru Araz Əsgərli Sabahinfo.az-a bildirib ki, yaz mövsümü ilə əlaqədar havanın isti keçməsi bəzi moped və motosiklet idarə edən şəxslərin təhlükəsizlik qaydalarına məsuliyyətsiz yanaşmaqla xüsusən də motodəbilqədən müxtəlif bəhanələrlə istifadə etmədən idarəetmə halları çoxalıb:
“Əvvəla onu qeyd etməliyik ki, motodəbilqədən istifadə etməmək inzibati məsuliyyət formalaşdırmaqla yanaşı yol nəqliyyat hadisəsi zamanı təhlükəsizliyin təmin olunması riskini artırır. Bu da ən ağır yol nəqliyyat hadisələrində geri dönüşü olmayan faciələrə yol açır. Bütün moped və motosiklet idarə edən sürücülərə, eləcə də onların sərnişinlərinə nəzərdə tutulan qaydalara ciddi riayət etməyi, özlərinin və sərnişinlərinin həyat və sağlamlığını biganə qalmamağı xahiş edirik”.
“Motodəbilqədən istifadə etməyən sürücüləri İnzibati Xətalar Məcəlləsinin 329.2-ci və 338.4.4-cü maddələrinə əsasən, 40 manat, sərnişinləri isə 338.3-cü maddəyə əsasən, 30 manat məbləğində cərimə olunmaqla məsuliyyətə cəlb edilməsi qanunla nəzərdə tutulur. Gündəlik həyat tərzimizdə hərəkət iştirakçısı kimi təhlükəsizlik mədəniyyətinin ən yüksək səviyyədə təbliğatının məhz məsuliyyətli davranış sərgiləməklə ətrafdakı insanlara nümunə olduğunu unutmamağı bir daha hər bir şəxsdən xahiş edirik!”, - DYP sərmisi vurğulayıb.