Xalqımız Vətən müharibəsinin birinci ildönümünü qeyd edir. Bu, çox əzəmətli və tarixi hadisədir. Azərbaycan haqq mübarizəsində qalib gələrək, uzunmüddətli işğala son qoydu, öz ərazi bütövlüyünü bərpa etdi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək hazırlıqlı, savadlı, mərd, qorxmaz əsgər və zabitlərimiz bir an belə tərəddüd etmədən bir əlində bayraq, bir əlində silah, yüksək əzmlə, iradə ilə sinəsini sipər edərək döyüşdü, torpaqlarımızı düşməndən qarış–qarış, addım–addım azad etdi və qalib gəldi. Vətən müharibəsinin ən böyük və qurur verici mübarizəsi Şuşa uğrunda gedən döyüşlərdir. Azərbaycan əsgəri çox çətin coğrafi şəraitdə, yaralı qardaşını, şəhid qardaşını çiyninə alıb, heç bir hərbi texnikadan istifadə etməyərək düşmənlə üz-üzə vuruşdu və qalib gəldi. Bir daha sübut etdi ki, Azərbaycan əsgəri qəhrəmandır, igiddir və o illərlə qarşı tərəfin uydurduğu mifi məhv etdi. Bu gün başımız dikdir, alnımız açıqdır, çünki, soydaşlarımıza qarşı edilən haqsızlığın, ədalətsizliyin, Xocalı soyqırımının qisasını alındı. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz məqsədinə nail olacaqdır. Bu şanlı Qələbəni bizə yaşatdıqları üçün şəhdlərimizin ruhu qarşısında baş əyirik, yaralı qazilərimizə tezliklə sağalmalarını arzu edirik. Bizim hamımız onlara borcluyuq. 44 günlük Vətən müharibəsi həm də xalqımızın sarsılmaz birliyini bütün dünyaya bir daha nümayiş etdirdi. Dinindən, dilindən, milli və siyasi kimliyindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün az saylı xalqlar çiyinə-çiyinə mübarizə aparır, Qələbəyə öz töhfəsini verirdi. Bu, bizim birliyimizin ən bariz nümunəsi idi. Övladı şəhid olan ana-atalar, həyat yoldaşı şəhid olan xanımlar, ataları şəhid olan balalar çox təmkinlə, səbirlə “Vətən sağ olsun!” deyirlər. O xalq xoşbəxtdir ki, torpağı uğurunda mübarizə aparmağı, həm qalib gəlməyi, həm də şəhid verməyi bacarır. 44günlük Vətən müharibəsində bizim əsgər valideynləri, həyat yoldaşları, övladları elə nümunələr göstərir ki, hər biri bir tarixdir. Ana şəhid olan oğlunun gözündən öpüb, “şəhidliyin mübarəkdir” deyir, qadın öz şəhid olmuş həyat yoldaşının cənazəsini çiyninə alıb son mənzilə yola salır, övlad atası ilə fəxr etdiyini deyir. Düşmən evini dağıdır, ailəsi raket zərbəsi ilə həlak olur deyir ki, “Vətən sağ olsun!”, “Əsgərimiz sağ olsun!”. Bütün bunlar nəyin göstəricisidir? Bizi əymək, bizi sarsıtmaq mümkün deyil, biz haqlı mübarizə aparırıq, uşaqdan böyüyə qədər mübarizə aparmağı bacaran millətik!
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynovanın 8 Noyabr – Zəfər Günü ilə bağlı məqaləsində yer alıb.
Məqalədə, həmçinin deyilir ki, Vətən müharibəsi 44 gün çəkdi, ancaq Qələbənin yolu daha uzaqdan başlayırdı. Əgər ulu öndər Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, hüquqi mövcudluğunu təmin etdisə, ölkəni bataqlıqdan çıxardısa, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə ölkəmizin nüfuzunu qaldırdı, dünyaya inkişafa, sülhə, mədəniyyətə, insanlığa açıq olan, müsbət impuls ötürən bir Azərbaycan təqdim etdi. İqtisadi imkanların artması, beynəlxalq hüquqi bazanın yaradılması, ordunun gücləndirilməsi - bunlar ölkə başçısının fəaliyyətinin əsasını təşkil edirdi. Azərbaycan hər gün bu Müqəddəs Mübarizəyə yaxınlaşırdı. Müasir silahlarla və peşəkar hərbi kadrlarla formalaşan Ordumuz bu vəzifənin öhdəsindən layiqincə gəldi. Prezident İlham Əliyevin son 18 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.
Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycan diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Düşmən və onun himayədarlarının işğala və tədricən Azərbaycan ərazilərinin birləşdirilməsinə əsaslanan planları alt-üst oldu. Qeyd etmək istəyirəm ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti, mediaya verdiyi müsahibələr müasir Azərbaycan tarixində özünəməxsus yer tutur. Biz yaxşı dərk edirik ki, Prezident İlham Əliyev bir insan üçün deyil, bütün xalqımız üçün, dövlətimiz üçün məsuliyyət daşıyır. Bu şərəfli və çətin məsuliyyət idi. Ancaq ölkə başçısı bunu bacardı, xalqımızı bu mübarizədə Qalib etdi. O, xalqı inandıra bildi, çağırışı ilə, müraciəti ilə xalqı səfərbər edə bildi, birliyimizi daha gücləndirdi. Buna hər dövlət başçısı nail ola bilmir. Mehriban xanım, hər dəfə xalqa “Sizin Mehriban” deyə müraciət edir. Bu, bir ananın, bacının, qadının çağırışı idi. İnsanlar bu doğmalığın əvəzində o qədər sevinirdilər ki, Qələbə üçün heç nəyi əsirgəmirdilər.
Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Onun həyata keçirdiyi sosial dövlət siyasətinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Dövlətimizin başçısı dəfələrlə qeyd edir ki, bizim siyasətin mərkəzində vətəndaş dayanır. Hər zaman vətəndaşın yanında olan dövlət başçısı, özü vətəndaşlarla görüşə can atır, onlarla canlı ünsiyyət qurur, dinləyir. Vətəndaşın xoş günündə, çətin günündə də bir an onları tək qoymayıb. Bu böyük bir xalq sevgisidir, vətən sevgisidir.
Bu gün artıq məcburi köçkünümüz yoxdur, onlar tezliklə doğma ata-baba yurdlarına dönmək arzusundadırlar. Aparılan təhlillər də bu fikri təsdiq edir. Sosial Tədqiqatlar Mərkəzinin araşdırmalarına görə, ölkə əhalisi arasında məcburi köçkün statusuna malik ailələrin aid olduğu rayona qayıtması ilə bağlı müxtəlif fikirlər olsa da, məcburi köçkünlərin verdikləri cavab birmənalıdır. Sorğuda iştirak edən respondentlərin mütləq əksəriyyəti, başqa sözlə, 98 faizi yaxın gələcəkdə azad edilmiş rayonlarına qayıtmağı planlaşdırır. Qayıtmaqla bağlı planlar gənclər arasında da geniş yayılıb. Gənc respondentlərin 96 faizi işğaldan azad olunan ərazilərə qayıtmağı planlaşdırır. Nəticələr əksər məcbur köçkün ailələrində qayıdış planının olduğunu göstərir. Respondentlərin böyük əksəriyyəti, yəni 83,2 faizi bütün ailə üzvləri ilə birgə qayıtmağı planlaşdırır. Bu insanlar 30 ilə yaxındır ki, evlərinin açarlarını, sənədlərini saxlayırdılar. Əlbəttə biz azad edilmiş kənd, qəsəbə və şəhərlərimizin düşən tərəfindən xarabaya çevrilməsini, mədəni, tarixi, dini irsimizin və abidələrimizin dağıdıldığını, təhqir edildiyini görəndə çox kədərlənirik. Prezident İlham Əliyevin dediyi kimi, onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Bütün buraları yenidən bərpa edəcəyik”. Və artıq proses başlayıb. Tezliklə erməni işğalından azad edilən ərazilərimiz əvvəlki həyatına qayıdacaq, daha abad olacaq.
Qısa müddətdə yol, işıq, su və digər infrastrukturun qurulması, “Xarıbülbül” festivalından sonra Vaqif Poeziya Günlərinin keçirilməsi, Füzuli Beynəlxalq Hava Limanının ilk sınaq uçuşu etməsi ölkəmizin gücünün, siyasi iradəsinin, iqtisadi imkanlarının göstəricisidir. Prezident İlham Əliyevin işğal olunmuş ərazilərə etdiyi səfərlər, təməlqoyma mərasimləri, işğaldan azad olunmuş şəhərlərin Baş planlarının hazırlanması, Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ermənilərin dağıtdıqları tarixi-mədəni-dini irsimizi yenidən bərpa edilməsi - bütün bunlar hamımızı sevindirir, yüksək əhval-ruhiyyə yaradır. Dünya da görür ki, hansı ölkə dağıdıcıdır, hansı ölkə qurucu, bu torpaqların əsl sahibləri kimlərdir. Bu günlərdə Prezident İlham Əliyevin Ağdam, Tərtər, Cəbrayıl, Xocavənd, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı rayonlarına səfəri, ictimaiyyətlə keçirdiyi görüşlər fikirlərimizi bir daha təsdiq edir.
Füzuli və Zəngilan rayonlarına səfəri, Prezident İlham Əliyevlə təkbətək görüşü, birgə açıqlama və bəyanatların verilməsi, habelə strateji layihə sayılan Füzuli hava limanının açılışı və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun (Zəngəzur Dəhlizinin) əsasının qoyulması regionda proseslərin yeni inkişaf xəttinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir. Bakı və Ankara arasında sarsılmaz müttəfiqliyin bariz nümunəsidir. İyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi bu iki qardaş və dost ölkə arasında strateji tərəfdaşlığın tükənməz perspektivlərini bir daha sübut etdi. Hər keçən gün biz bu müttəfiqliyin gücəndiyinin şahidi oluruq.
Tarix dəfələrlə sübut edib ki, bu ölkələr bir-birinin yanında olub və qardaşlıq dəstəyini əsirgəməyib. Vətən müharibəsinin ilk günündən Türkiyə Azərbaycana öz siyasi və mənəvi dəstəyini nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, belə bir qısa müddətdə Azərbaycanda işğaldan azad edilən bu bölgələri necə sürətlə inkişaf etdirmək hər igidin, siyasətçinin bacara biləcəyi iş deyil. Füzuli Beynəlxalq Hava Limanı, yollar, tunellər, digər sosial infrastruktur layihələri bunlar hamısı xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayış etdirir. Önəmli məsələ isə bu prosesin sürətlə, dinamik həyata keçirilməsi, eyni zamanda, davamlılığın və təhlükəsizliyin təmin edilməsidir. Bu isə siyasi müdriklik, qətiyyət tələb edir. Dövlətimizin başçısı böyük bir iradə göstərir. Qurmaq, yaratmaq, Azərbaycanı inkişaf etdirmək, bütövlüyünü təmin etmək, həmçinin bölgədə sülhün və tərəqqinin bərqərar olması üçün verdiyi töhfə dövlətimizin humanizm və xeyirxahlığının təcəssümüdür. Dövlətimizin başçısının iradəsi ilə 10 noyabr Bəyanatında Zəngəzur dəhlizinin açılması məsələsinin öz əksini tapması, təkcə Azərbaycan üçün deyil, həm də Türk dünyası üçün müstəsna əhəmiyyət kəsb edir. Hətta bir çox beynəlxalq ekspertlər Vətən müharibəsinin və 10 noyabr üç tərəfli Bəyanatın vacib uğurlarından biri kimi Zəngəzur dəhlizinin olduğunu bildirirlər. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Bu birlik, yaxınlıq illərdir bir-birindən ayrı qalan türk dövlətlərini birləşdirəcək və xüsusilə iqtisadiyyatda yeni addımlar atacaqlar. Zəngəzur dəhlizi eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq. Ən əsası, regional təhlükəsizlik, sakit və dinc həyat üçün imkanlar artacaq. Qalib Prezidentimizin uzaqgörən strategiyası və düşünülmüş taktiki hərəkətlərinin uğurunu da elə bu təşkil edir. Bütün bunlar, öz növbəsində, azərbaycanlıların Zəngəzur, İrəvan, Basarkeçər və digər tarixi torpaqlarına qayıdışına səbəb olacaq.
Əfsuslar olsun ki, bizim tarixi Qələbəmizi həzm edə bilməyənlər var. Bir sıra xarici dövlətlər, beynəlxalq təşkilatları, erməniyə havadarlıq edən bəzi siyasətçilər, diplomatlar məsələnin hələ tam həll edilmədiyini, hər bir fürsətdə ölkəmizə qarşı iddialar irəli sürülər. Onlar bölgədə sülhün, təhlükəsizliyin bərqərar olmasının istəmirlər. Azərbaycana qarşı iki standartlarla yanaşırlar. Qanunsuz olaraq Azərbaycanın ərazisinə gəlir, burada təxribatçı mövqe sərgiləyir, hansısa “status “məsələsini qaldırır, revanşist çağırışlar edirlər. Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil. Bu günlərdə Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxış edərkən bütün ölkələrə müraciət etdi ki, “bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var”. Sual olunur ki, onlar bu 30 ildə niyə BMT Qətnamələrinin həyata keçirilməsi ilə bağlı bu qədər aktivlik göstərmədilər? Daim insan hüquq və azadlıqlarının müdafiəsi, qorunması müdafiə edən bu təşkilatlar nə üçün azərbaycanlıların pozulmuş hüquqlarını görmək istəmir? Əlbəttə, bunun cavabı bizə yaxşı məlumdur. Ona görə də davamlı olaraq bütün platformalarda fəal olmalıyıq, öz haqlı mübarizəmizi aparmalıyıq, konfranslarda, seminarlarda əsl tarixi həqiqətləri deməliyik. Bu gün bütün dünya erməni vəhşiliyini, vandalizmini görməlidir. Bununla bağlı hər birimiz öz sahəmizdə maksimum fəaliyyət göstərməliyik.
Hazırda Azərbaycan tarixinin ən şərəfli səhifələri yazılır. Bu səhifələr xalqımızın milli-mənəvi birliyi, ordumuzun igidliyi, rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılır. 30 ilə yaxın düşmən tapdağı altında qalan bütün torpaqlarımız yeni dövrə qədəm qoyur, Qarabağ, Şərqi Zəngəzur öz tarixi, mədəniyyəti, musiqisi, qan yaddaşı ilə yenidən doğulur, dirçəlir. Bir daha xalqımızı bu müqəddəs, şərəfli gün - Qələbə günü münasibətilə təbrik edirəm.