Azərbaycan əhalisinin ötən ay pərakəndə ticarət şəbəkələrində xərclədikləri pulları hansı məhsullara sərf etdiyi məlum olub.
Trend-in məlumatına görə, 2021-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 52,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ayında istehlak məhsullarının dəyər ifadəsində 26,9 faizi ticarət müəssisələri, 49,8 faizi fərdi sahibkarlar tərəfindən, 23,3 faizi isə bazar və yarmarkalarda satılıb.
2020-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2 faiz artıb, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 15,7 faiz azalıb.