Əhalinin sosial müdafiəsi dövlətin diqqət mərkəzində olan mühüm məsələdir

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin daha da gücləndirilməsinə öz mühüm və müsbət təsirini göstərir. Davamlı olaraq sosial müavinət və təqaüdlərin, əmək haqlarının artırılması vətəndaşlarımızın sosial-iqtisadi vəziyyətinin dayanıqlı olmasına səbəb olur. Prezident İlham Əliyevin daha bir yeni Sərəncamı dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmin işçilərin maaşları da 2022-ci il yanvarın 1-dən orta hesabla 20 faiz artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Həmin təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni sərəncam və fərmanlarla müavinət və təqaüdlərin artırılması isə 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edərək onların müavinət və təqaüdlərinin gələn ilin əvvəlindən artırılmasını təmin edir. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, yeni fərman və sərəncamlarla müavinət və təqaüd artımı əlilliyi olan şəxsləri və birinci dərəcə əlilliyi olan şəxslərə qulluq edənləri, sağlamlıq imkanları məhdud uşaqları və onlara qulluq edənləri, yaşa görə müavinət alanları, ailə başçısını itirməyə görə müavinət alanları, müddətli hərbi xidmətdə olanların uşaqlarını, uşaqların qəyyumlarını, beşdən çox uşağı olan qadınları, bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələri, övladlığa uşaq götürənləri, işləməyən pensiyaçı elmlər və fəlsəfə doktorlarını, “Xalq” və “Əməkdar” fəxri adı olanları, doktorant və tələbələri əhatə edir. Bu isə əhalinin ən həssas sosial təbəqəsidir. Həmçinin uşağın doğulmasına görə və dəfn üçün birdəfəlik müavinətlər də artırılır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, gələn ilin əvvəlindən həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş ediləcək. Son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər birinci dərəcə üzrə 2,7 dəfə, ikinci dərəcə üzrə 3 dəfə, üçüncü dərəcə üzrə 2,3 dəfə artırılıb. Müharibə və digər hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü olaraq birinci dərəcə üçün 400 manat, ikinci dərəcə üçün 350 manat, üçüncü dərəcə üçün 300 manat ödənilir. Bu təqaüdlər cari ilin əvvəlində növbəti dəfə olmaqla orta hesabla 50 faiz artırılıb.

“Azərbaycan Vətən müharibəsi aparıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Zəfər qazanaraq tarixi ədaləti bərpa edib. Şəhid ailələri, qazilərin sağlamlığı, onların mənzil-məişət problemləri, müharibə zamanı Ermənistanın törətdiyi hərbi terror nəticəsində dinc əhaliyə dəyən zərərlərin aradan qaldırılması kimi mühüm məsələlər həll edilir. Pandemiya hələ də davam edir. Hazırda erməni işğalından azad olunan ərazilərdə tikinti-quruculuq işləri aparılır. Qeyd etmək lazımdır ki, bu layihələrə dövlət kifayət qədər maliyyə vəsaiti ayırıb. Həmçinin ölkə sərhədlərini və bütövlükdə ərazilərimizin təhlükəsizliyi üçün müdafiə xərcləri artmaqdadır. Ancaq bununla yanaşı, Azərbaycan Prezidenti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsini gündəmdə saxlayır, sosial islahatlar aparır. Bu, dövlətin vətəndaşına göstərdiyi diqqətdir, qayğıdır. Əlbəttə ki, gələcəkdə də bu sosial layihələr davam edəcək, əhalinin sosial müdafiəsi daha da güclənəcək”, - deyə Hicran Hüseynova vurğulayıb.