“Elə şərait yaradılmalıdır ki, gənclər öz potensialını ortaya qoya bilsin”

“Gənclik hər bir cəmiyyətin lokomitiv qüvvəsi olub və bundan sonra da belə olacaq. Ancaq hansı ölkədə gəncliyin geniş potensialından düzgün istifadə edilib və yaxud bu istiqamətdə düzgün siyasət yürüdülübsə, həmin cəmiyyət daha sıçrayışlı inkişaflara nail olub. Ölkənin, cəmiyyətin qarşısında duran məsələlər öz müsbət həllini tapıb. Azərbaycanda da  gənclər siyasəti düzgün qurulduğundan, bu istiqamətdə yürüdülən siyasət öz bəhrəsini verib. Gəncliyin böyük potensialından düzgün istiqamətə yönəltmək nəticəsində Azərbaycan qarşısında duran ən çətin problemi olan, erməni işğalına son verib, ölkənin ərazi bütövlüyünün təmin olunmasına tarix qarşısındakı missiyasını şərəflə yerinə yetirib”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov Prezident İlham Əliyevin Gənclər  Forumundakı çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın bugünkü inkişafında gəncliyin danılmaz xidməti var. “Bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclik siyasətinin nəticələri göz qabağındadır və kimsə bunu dana  bilməz. Düzgün siyasətin nəticəsində bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Elə Vətən Müharibəsində də gənclərin rolu həlledici oldu. Vətən, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Cənab Prezidentin dediyi kimi, Azərbaycanda bu gün elə bir gənc nəsil yetişib ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ, Vətən, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Məhz yürüdülən düzgün siyasət nəticəsində istənilən sahədə Azərbaycan tarixi nailiyyətlərə imza atıb və bu nailiyyətlərin əldə olunmasında gəncliyin danılmaz rolu var”- deputat qeyd edib.

Deputat onu da əlavə edib ki, Dördüncü Sənaye İnqilabının üstünlüklərini Azərbaycanda tətbiq edilməsində gəncliyin üzərinə ciddi vəzifə düşür: “Bu inqilab o ölkələrdə daha çox effekt verəcək ki, iqtisadiyyatda kreativ ideyalar və inqilabın tələblərinə uyğun şərtləri iqtisadiyyatda geniş və düzgün formada tətbiq ediləcək. O baxımdan gəncliyin üzərinə daha böyük iş düşür. Odur ki bunu nəzərə alaraq ölkə rəhbərliyi tərəfindən Dördüncü Sənaye İnqilabı ilə bağlı olan yeniliklər, ilk növbədə, Azərbaycanda gənclər tərəfindən mənimsənilir və gənclər xətti ilə bu siyasət icra olunur. Çünki müasir dövrdə və qarşıdakı bir neçə ildə bir çox ənənəvi peşələr sıradan çıxacaq və yeniləri ilə əvəz olunacaq. Ona görə də yeni dövrün tələblərinə cavab verən peşələrin öyrənilməsində də gənclərə ciddi ehtiyac yaranacaq. Bu həm də yeni iş yerləri deməkdir”.

Deputat onu da qeyd edib ki, gənclərin ölkənin bütün sahələrində daha aktiv fəaliyyət göstərməsi üçün ciddi addımlar atılmalıdır: “Elə şərait yaradılmalıdır ki, gənclər öz potensiallarının ölkənin inkişafı naminə ortaya qoya bilsinlər. Digər tərəfdən xaricdə təhsil alan gənclərimiz xarici ölkələrdə qalmağı yox, Vətənə qayıtmağı arzulasınlar”. 

İşğaldan azad olunan ərazilərin və ölkəmizin yeni inkişaf mərhələsində gənclərin roluna toxunan deputat bildirib ki,  işğaldan azad edilən ərazilərin bərpasında və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyub sürətli, dayanıqlı inkişafında gəncliyin üzərinə ciddi vəzifə düşür: “Əminəm ki, gənclik cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu missiyanın da öhdəsindən uğurla gələcək. Azərbaycan dünyanın inkişaf etmiş, sosial rifah ölkələrindən birinə çevriləcək. Ona görə də Azərbaycan gəncliyi daha ayıq olmalı, qlobal çağırışlara zamanında reaksiya verib, buna uyğun, milli-mənəvi dəyərləri və maraqları hər şeydən  əsaslanaraq fəaliyyət göstərməlidirlər”.

Mürtəza
Ölkə.Az