Elektron işə qəbul şəffaflığı necə təmin edir?

“İşə qəbul” altsisteminin tətbiqi yalnız texnoloji yenilik deyil, eyni zamanda dövlət səhiyyə sistemində uzun illər mövcud olmuş bir sıra fundamental problemlərin həllinə yönəlmiş strateji islahatdır. Sistemin səmərəli tətbiqini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) müvafiq qurumlarının məsul əməkdaşları üçün genişmiqyaslı təlimlər təşkil edilib.

Sabahinfo.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Rəqəmsal Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Sevinc Məhərrəmova deyib.

Onun sözlərinə görə, yeni rəqəmsal platformanın tətbiqi nəticəsində işə qəbul prosesində yalnız namizədlərlə müsahibə mərhələsi fiziki olaraq müvafiq tibb müəssisəsinin inzibati binasında həyata keçirilir:

“Vakansiyanın elan olunması, namizədlərin müraciətlərinin qəbulu, ilkin və yekun seçim mərhələləri, eləcə də nəticələrin açıqlanmasına qədər bütün proseslər tam şəkildə elektron mühit üzərindən icra olunur. Bu yanaşma işə qəbul prosesinin hər bir mərhələsində şəffaflığın, obyektivliyin və bərabər imkanların təmin edilməsinə xidmət edir. Müraciətlərin qəbulu, sənədlərin yoxlanılması və mərhələlərin idarə olunmasının tam avtomatlaşdırılması subyektiv qərarvermə risklərini aradan qaldırıb, bütün namizədlərə vahid və bərabər meyarların tətbiq olunmasını təmin edib. Bununla da seçim prosesində obyektivlik və ədalətlilik əhəmiyyətli dərəcədə gücləndirilib”.

S.Məhərrəmova bildirib ki, proseslərin rəqəmsal mühitdə aparılması kağız daşıyıcılardan istifadənin minimuma endirilməsinə, kağız əsaslı əməliyyatların isə tamamilə aradan qaldırılmasına səbəb olub:

“Bu, həm resurslara qənaət, həm də prosedurların operativliyinin artırılması baxımından mühüm üstünlüklər yaradıb. Elektron Səhiyyə platforması üzərindən müvafiq elektron xidmətə keçid etməklə namizədlər öz təhsil və peşəkar təcrübələrinə uyğun aktual vakansiyalarla tanış olmaq və müraciət etmək imkanı əldə edirlər. Ənənəvi üsullardan fərqli olaraq, rəqəmsal sistem bütün müraciətləri, yoxlama mərhələlərini və qəbul edilən qərarları real vaxt rejimində qeydiyyata alaraq tam izləniləbilənlik təmin edir. Bu isə hesabatlılığın yüksəldilməsinə və proseslərin effektiv idarə olunmasına şərait yaradır. Nəticə etibarilə, həyata keçirilən bu islahatlar dövlət səhiyyə sisteminə ictimai etimadın artırılmasına xidmət edir və gələcək rəqəmsal təşəbbüslər üçün dayanıqlı institusional zəmin formalaşdırır”.