Əliabbas Salahzadə: “Dövlət başçısının fəaliyyətimizə, gördüyümüz işlərə verdiyi yüksək dəyər bizi daha böyük əzmkarlıqla çalışmağa sövq edir”

“Azərbaycanın son 21 ildə keçdiyi möhtəşəm inkişaf yolu, əldə olunmuş misilsiz uğur və nailiyyətlər, parlaq tarixi qələbələrimiz birmənalı olaraq bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin və xalqın rifahı naminə göstərdiyi gərgin və məqsədyönlü fəaliyyətinin, davamlı olaraq həyata keçirdiyi uğurlu daxili və xarici siyasət xəttinin nəticəsidir. Əlbəttə ki, dövlət başçımızın bu fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün əsl örnəkdir, hətta mən deyərdim ki, hansı ölkədə yaşamasından, hansı vəzifədə çalışmasından və hansı peşəyə sahib olmasından asılı olmayaraq hər bir azərbaycanlını daha böyük fədakarlıqla çalışmağa, təmsil olunduğu sahədə daha yüksək nailiyyətlər əldə etməyə həvəsləndirən ən güclü stimuldur. Məhz cənab Prezident İlham Əliyevin 2003-cü ildən bəri göstərdiyi, xalqımızın fərəhlə, bütün dünyanın isə heyranlıqla müşahidə etdiyi misilsiz fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq arenada sabit və güclü mövqeyə malik bir dövlət olaraq qəbul olunub.”

Bu sözləri Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunması münasibətilə saytımıza verdiyi açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə deyib.

Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, Prezident İlham Əliyevin bütün bu illər ərzində yürütdüyü daxili və xarici siyasət kursu ilk növbədə Qarabağ probleminin həllinə yönəlmişdi və bu gün Azərbaycanın artıq öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş, həm də bunu öz gücünə həyata keçirmiş ölkə kimi çıxış etməsi bir daha sübut edir ki, dövlət başçımızın bu hədəflərə çatmaq üçün müəyyən etdiyi strateji kurs yeganə doğru yol olmuşdur: “Şanlı Azərbaycan Ordusu 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz xalqına parlaq tarixi Qələbə bəxş edərək torpaqlarımızın 30 illik işğalına son qoydu. Əlbəttə ki, bu Zəfər 2003-2020-ci illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən böyük zəhmət və gərgin səylər hesabına həyata keçirilmiş hazırlıq işlərinin nəticəsi kimi əldə olundu. Şanlı Azərbaycan Ordusunun gücünə, yüksək döyüş qabiliyyətinə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya şahid oldu. Tarixi Qələbəmizdən 3 il sonra, 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin edildi. Nəhayət bu əlamətdar tarixi hadisədən beş ay sonra keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. 15 oktyabr 2023-cü il tarixində Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında şəxsən özü Azərbaycan Bayrağını qaldırdı. Bununla da dövlət başçısı öz xalqına verdiyi bütün vədlərinə tam əməl etmiş oldu. Bütün bu tarixi Qələbələr cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi yeganə doğru strateji kursun, yürütdüyü müstəqil siyasətin, hər zaman nümayiş etdirdiyi prinsipial mövqeyinin və gördüyü möhtəşəm işlərin nəticəsidir.”

Sonda deputat Əliabbas Salahzadə layiq görüldüyü mükafata görə dövlət başçısına minnətdarlığını ifadə edərək bu sözləri deyib: “Bu gün Azərbaycan Prezidenti xalqımızın və dövlətimizin ən yeni tarixinin ən şərəfli səhifələrini yazır və hər bir azərbaycanlının bu tarixin kiçik bir parçası olmaq istəyi, arzusu anlaşılandır. Birmənalı olaraq deməliyəm ki, cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Ulu Öndərimizin adı ilə bağlı olan medalla təltif olunmağım mənim üçün böyük şərəfdir. Bu mükafat fəaliyyətimə verilən yüksək dəyərin göztəricisidir və mən, bu təltifə görə möhtərəm dövlət başçımıza sonsuz minnətdarlığımı bildirirəm”.

Öz növbəmizdə, aia.az saytının redaksiya heyəti olaraq, biz də Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, eləcə də Regional məsələlər komitəsinin üzvü, Azərbaycan–Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əliabbas Salahzadəni bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edirik, hörmətli deputatımıza bundan sonrakı fəaliyyətində də yeni-yeni uğurlar diləyirik!

aia.az