“ƏLİŞİR NƏVAİNİN LİRİKASI” PROFESSOR RAMİZ ƏSGƏRİN TƏQDİMATINDA

Bu günlərdə Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, Professor Ramiz Əskərin özbək ədəbiyyatına dair yeni kitabı işıq üzü görüb. Kitab “Əlişir Nəvainin lirikası” adlanır və Füyuzat mətbəəsində çap olunub.

Daha öncə görkəmli alimimiz dahi özbək şairi və mütəfəkkiri Əlişir Nəvayinin 580 illik yubileyi münasibətilə onun yaradıcılığını və onunla bağlı xarici ölkə alimlərinin tədqiqatlarını əhatə edən 13 (on üç) kitabı Azərbaycan dilinə tərcümə edərək son iki ildə çap etdirmişdi. Bu kitablar böyük özbək şairinin Xəmsəsini, risalələrini və xarici ölkə araşdırmaçılarının Nəvai haqqında elmi tədqiqatlarını əhatə edib.

Professor Ramiz Əsgər Nəvai yaradıcılığına həsr edtiyi öz elmi əsərlərini isə “Əlişir Nəvayi: şəxsiyyəti və sənəti” , “Əlişir Nəvayi. Seçilmiş əsərləri” və “Əlişir Nəvayi. Əsərləri” adlı 3 kitabda cəmləşdirərək çap etdirib.

Nəhayət, bu günlərdə görkəmli tədqiqatçımızın Nəvayi haqqında “Əlişir Nəvayinin lirikası” adlı son kitabı işıq üzü görüb.

Azərbaycanlı alim ötən bir neçə il ərzində Nəvayi haqqında müxtəlif xarici ölkələrdə keçirilən bir çox elmi konfranslarda məruzələrlə çıxış edib. Ramiz Əskər özbək ədəbiyyatı qarşısında müstəsna xidmətlərinə görə 2011-ci ildə Babur adına Beynəlxalq mükafata layiq görülüb.

Nəvai ilə bağlı elmi araşdırmalarına və tərcüməçilik fəaliyyətinə görə Ramiz Əskər Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki adına və Nəvayi şəhərinin Fəxri vətəndaşı adına layiq görülüb.

2021-ci ilin sonunda isə Beynəlxalq Türk Akademiyasının “Əlişir Nəvayi” qızıl medalı ilə təltif edilib.

Əziz dostum, hörmətli Ramiz müəllimi ürəkdən təbrik edirəm. Ona uzun ömür, möhkəm can sağlığı və elmi-pedaqoji yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.

Cavanşir Feyziyev

16 fevral 2022