“Əmanət” layihəsinin təşkilatçılığı ilə 26 şəhid və 11 qazi övladı üçün təşkil edilən 5 günlük yay düşərgəsi, iştirakçıların fərdi inkişafını dəstəkləmək və onlara unudulmaz təcrübə yaşatmaq məqsədilə keçirilib.
Şamaxı Astrofizika Rəsədxanasında baş tutan düşərgə, “Təbiət Əmanətdir!” sloqanı altında, “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr edilib. Düşərgə müddətində gənclər üçün şəxsi inkişaf təlimləri, ekoloji mövzulu seminarlar, mentorlarla görüşlər, masterklaslar və əyləncəli oyunlar təşkil olunub. Bununla yanaşı, intellektual yarışlar, animasiya saatları, Şamaxı Futbol Klubuna, Astrofizika Rəsədxanasına, Dəmirçi Arxeologiya Muzeyinə və Yay Fest düşərgəsinə ekskursiyalar təşkil edilib.
Bu, "Əmanət" layihəsinin təşkil etdiyi sayca dördüncü yay düşərgəsidir. Layihə artıq 4 ildir ki, şəhid və qazi ailələrinin 1-ci dərəcəli üzvləri üçün təlimlər, seminarlar, karyera və psixoloji konsultasiyalar, təkmilləşdirmə hazırlıqları, dil kursları və sosial işlər istiqamətində davamlı fəaliyyətlər həyata keçirir. Tamamilə ianələr hesabına idarə olunan bu layihədə 200-dən çox şəhid və qazi ailəsi üzvləri təhsil alır. Layihədə 150-dən artıq müəllim, psixoloq, loqoped və digər sahə mütəxəssisləri könüllü olaraq xidmət göstərir.
Bu cür tədbirlər vasitəsilə "Əmanət" layihəsi, şəhid və qazi övladlarının gələcəyinə işıq tutaraq, onların potensialını inkişaf etdirməkdə mühüm rol oynayır.