Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Məmmədov Murad Yusif oğlunun Sumqayıt şəhərində keçirilən il mərasimində iştirak etdik.
Ailəsinə hörmət və ehtiramımızı bildirdik.
Qeyd edim ki, Murad Məmmədov 7 dekabr 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. 2013-2018-ci illər ərzində Azərbaycan Texniki Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsində təhsil almışdır. 1 oktyabr 2020-ci ildə qardaşının İkinci Qarabağ müharibəsində olmasına baxmayaraq, Murad da könüllü olaraq adını yazdırıb döyüşlərə qoşulmuşdur. Döyüşlər zamanı Murad torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən bir çox döyüş bölgələrində döyüşmüş və 25 oktyabrda Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.
Emin Hacıyev
Milli Məclisin deputatı