Emin Hacıyev “Təhsil haqqında” Qanunda dəyişiklik barədə fikirlərini bölüşüb

 Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim edilən bu qanun layihəsi ölkədə təhsil qanunvericiliyinin təkmilləşdirilməsinə, təhsil sahəsində qüvvədə olan qanunların, digər normativ hüquqi aktların müvafiq müddəalarının uyğunlaşdırılmasına yönəlmiş sənəddir.
 Təklif olunan dəyişikliyin əsas məqsədi qanunvericilikdə nəzərdə tutulan yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin təşkilində kredit sisteminin tətbiqi və bu təhsil səviyyəsi üzrə subbakalavrların topladıqları kreditlərin ali təhsil müəssisələrində nəzərə alınmasına hüquqi əsas yaratmaqdan ibarətdir. Beləliklə, “Təhsil haqqında” Qanunun “Peşə təhsili” adlanan 20-ci maddəsinin 3-cü bəndinə “peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris kredit sistemi ilə təşkil olunur” müddəası əlavə edilir.  Eyni zamanda bu maddəyə əlavə edilən yeni bəndlərə (3-1, 3-2) bəndlərinə  əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında verilən dövlət sənədi (diplom və ya sertifikat) ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və ali təhsil almaq üçün əsas hesab olunur. Bu təhsil səviyyəsini müvəffəqiyyətlə başa vuran subbakalavrların topladıqları kreditlər bakalavriat səviyyəsinin uyğun (yanı müvafiq) ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınır.  Bu yanaşma Qanunun “Orta ixtisas təhsili” adlanan 21-ci maddəsinə müvafiq müddəaların əlavə edilməsi ilə tətbiq olunur. “Ali təhsil” adlanan 22-ci maddəyə edilən 6-1-ci bəndə əsasən, ali təhsil müəssisələrində bakalavriat və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədrisin də kredit sistemi ilə təşkil edilməsi təsbit olunur. Qanuna ediləcək bu dəyişikliklərin tətbiqi üçün Nazirlər Kabineti tərəfindən Qanunda göstərilən Qaydalar hazırlanıb təsdiqlənəcəkdir. Hesab edirəm ki, “Təhsil haqqında” Qanuna təklif olunan bu dəyişikliklər ölkənin təhsil qanunvericiliyinin dünyanın qabaqcıl ölkələrinin təhsil praktikasına, Avropanın təhsil hüququna və beynəlxalq təhsil standartlarına yaxınlaşdırılmasına xidmət edəcəkdir.
 

Emin Hacıyev 

Milli Məclisin deputatı