Əminə Ağazadə Cəyli və Pirilidə görüş keçirdi

Millət Vəkili Əminə Ağazadə seçiciləri ilə görüş keçirib. SABAHİNFO.AZ xəbər verir ki, Kürdəmir rayonunun Cəyli və Pirili kəndlərində görüş zamanı deputat seçicilərinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlər haqqında birgə müzakirələr aparıb.

Cəyli kəndində keçirilən görüş zamanı seçiciləri narahat edən suvarma kanallarının vəziyyəti, elektrik xəttlərində olan nasazlıq, işsizlik problemləri barəsində Millət vəkilinə məlumat verilib. Məsələlər qeydə alınaraq həlli istiqamətində konkret tapşırıqlar verilib.

 Pirili kəndində seçicilərlə görüş  zamanı Əminə xanım kənd əhalisini salamlayaraq seçkilərdə ona göstərdikləri etimada görə öz təşəkkürünü bildirib, kəndin problemlərinin həllində daim onların yanlarında olacağını bir daha vurğulayıb.

Millət vəkilini salamlayan kənd ağsaqqalları Pirili kənd sakinləri adından Əminə xanıma fəaliyyətində uğurlar arzulayaraq əhalini narahat edən məsələlər haqqında ona məlumat verilib.

Kəndin ən ağrılı məsələsi suvarma suları ilə yaşanan vəziyyətdir. Kənd sakinləri bununla bağlı Millət vəkilindən dövlət qurumları qarşısında məsələ qaldırmasını xahiş edərək məsələnin vacibliyini xüsusi olaraq vurğulayıblar.

Pirili kənd məktəbinin mövcud vəziyyəti də müzakirə olunub. Millət vəkili məktəb binasını gəzərək buradakı şəraitlə tanış olub. Məktəbin yenidən inşa edilməsi ilə bağlı qısa müddətdə Nazirlər Kabinetinə, müvafiq dövlət qurumlarına müraciətlər hazırlanması qərara alınıb.

Görüşdə kəndin elektrik xəttllərində yaşanan problemlər, internet, kənd daxili yolların abadlaşdırılması məsələlərinə toxunulub, konkret tədbirlərin görülməsi haqqında fikir mübadiləsi aparılıb.