Noyabrın 29-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. Milli Məclisin bu gün keçirilən iclasında gündəlik müzakirə olunub. İclasda qanun layihələri müzakirəyə təqdim edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, birinci və ikinci oxunuş zamanı məsələnin ətraflı müzakirə edildiyini, hər hansı təklifin daxil olmadığını deyib və layihənin səsə qoyulmasını xahiş edib.
Layihədə dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunlara ixtisas dərəcələrinin xüsusi, hərbi və diplomatik rütbələrinin nəzərə alınması ilə bağlı maddələr əlavə olunur. Dövlət qulluğunun xüsusi növünə işə qəbul olunan şəxslərin malik olduqları ixtisas dərəcələri, xüsusi, hərbi və diplomatik rütbələri müvafiq xüsusi rütbələrlə uyğunlaşdırılacaq.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.