Ərəb Media Forumunda Nizami Gəncəvinin 880 illiyi ilə bağlı tədbir keçirilib - FOTO + VİDEO

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin və Ərəb Media Forumunun birgə təşkilatçılığı ilə 8 dekabr 2021-ci il tarixində Ərəb Media Forumunun (ƏMF) Baş Qərargahında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar tədbir təşkil edilib. Bu haqda Sabahinfo.az-a Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyindən məlumat verilib.

ƏMF-nin Baş katibi Madi Əl-Xəmis tədbiri açıq elan edərək, çıxış üçün sözü Səfir Elxan Qəhrəmana verib.

Tədbirdə Küveytin ictimaiyyət xadimləri və yerli media ilə yanaşı, bir sıra dövlət qurumlarının nümayəndələri, o cümlədən Səfirliyin əməkdaşları iştirak ediblər.
Səfir Elxan Qəhrəman çıxşında 2021-ci ilin Azərbaycanda Prezident İlham Əliyevin sərəncamı ilə “Nizami Gəncəvi ili” elan edildiyini və bu il ərzində YUNESKO ilə yanaşı, İSESKO və TÜRKSOY təşkilatları çərçivəsində bir çox mədəni tədbirlərin təşkil olunduğunu bildirib. O, qeyd edib ki, 1991-ci ildə dahi şairin 850 illiyi ilə əlaqədar YUNESKO həmin ili Nizami Gəncəvi İli elan etmişdi.

Səfir bildirib ki, Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur: "Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Bakı, Moskva, Sankt-Peterburq, Daşkənd, Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.  

Bu il şairin əsərlərinin tərcüməsi, nəşri, təbliği və əlyazmalarının Azərbaycana gətirilməsi ilə bağlı bir çox tədbirlər həyata keçirilmişdir. Akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Böyük Britaniyanın Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi tərəfindən tanınmış rus şərqşünası Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ingilis dilində nəşr olunmuşdur.

Həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ədəbiyyat festivalı çərçivəsində “Nizami Gəncəviyə məktub” adlı beynəlxalq ədəbi esse müsabiqəsi elan edilmişdir. Müsabiqə barədə Səfirliyin saytında müvafiq məlumat yerləşdirilmişdir”.

Səfir çıxışında qeyd edib ki, Səfirliyin təşəbbüsü ilə nəşr olunmuş və iştirakçılara  təqdim olunan jurnal və kitabçalarda da Nizami Gəncəvi haqqında ərəb və ingilis dillərində məqalələrlə tanış olmaq mümkündür.   

E.Qəhrəman sözünə davam edərək Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti haqqında danışıb və Mərkəzin 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış etdiyini vurğulayıb.

O bildirib ki, Nizami Gəncəvi İli münasibətilə Azərbaycanda şairin mədəni irsinin toplanması, dünyada təbliğ olunması ilə yanaşı, bir sıra digər əlamətdar mədəniyyət tədbirləri təşkil olunub. "Misal olaraq Şuşada Xarıbülbül Festivalını və Vaqif Poeziya Günlərini qeyd edə bilərik. Bu tədbirlər 28 illik Ermənistan işğalına son qoyulduqdan sonra azad edilmiş torpaqlarda keçirilən və xalqımızın, eləcə də mədəniyyət xadimlərimizin illər boyu həsrətlə gözlədikləri xoş günlər və təəsüratlar olmuşdur.
Bütün bu mədəniyyət tədbirləri 2021-ci ilin bütövlükdə Azərbaycanda bayram əhvali-ruhiyyəsi və qələbə ovqatı ilə keçməsinə səbəb olmuşdur” – Səfir çıxışını bu sözlərlə tamamladı.  

Daha sonra Səfirliyin əməkdaşı Mirdavud Sultanov şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına daha ətraflı məlumat verib.

Səfir çıxışların sonunda jurnalistlərin və biznes nümayəndələrinin suallarını cavablandırıb və Azərbaycanda xüsusilə dost ölkələrin sərmayəsi üçün geniş imakanların yaradıldığını açıqlayıb, Ələt Azad İqtisadi Zonası, eləcə də işğaldan azad edilmiş torpaqlarda böyük potensialın mövcud olduğunu bildirib.

Eyni zamanda Səfir “Əl-Ənbə” və “Əl-Ədalə” televiziya kanallarına və Küveyt radiosuna müsahibələr verib. 

Tədbir iştirakçılarına Səfirliyin təşəbbüsü və dəstəyi ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar nəşr edilmiş materiallar nümayiş edilib və paylanılıb.