Ermənidən artıq erməni olan MAKRON

Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası bir sıra mühüm məqamlarla yadda qaldı. Əsas diqqət çəkən məqam dövlət başçısı İlham Əliyevin çıxışı zamanı Erməni vandalizmindən və Fransanın demokratiya çətiri altında qeyri-demokratik mövqe sərgiləməsinə toxunması oldu. Cənab Prezident çıxışı zamanı Fransada Azərbaycan səfirliyinə təşkil edilən basqının arxasında Azərbaycanı istəməyən qüvvələrin olduğunu bəyan etdi.
Ümumilikdə oktyabr ayının siyasi xronologiyasına nəzər yetirəndə məlum olur ki, Azərbaycan bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün atdığı addımlara vandal Ermənistan tərəfindən müəyyən maneələr yaradılır. Diplomatik nümayəndəliyə belə basqın etməyi gözə alan erməni vandalları əslində Qarabağda törətdikləri dağıdıcı siyasəti Avropa məkanına daşımaq istəyirlər. Uğursuz təşkil olunan kompaniyada rüsvay olan ermənilər cəbhə yenilgisi ilə yanaşı öz havadarlarını da mat vəziyyətinə qoyurlar. Bu zamana kimi Fransa ATƏT-in Minsk Qrupunda təmsil olunsa da, münaqişənin nizama salınması yönündə iki tərəfli oyun oynayaraq heç bir addım atmamışdı. Bu müddətdə öz mövqeyini açıq-aydın ifadə edə bilməyən Fransa münaqişə həll olunandan sonra Azərbaycana qarşı münasibətini dolayısı ilə göstərir. Bura Fransa hökuməti tərəfindən verilən qərəzli bəyanatlar, Makronun heç bir liderə yaraşmayan qərəzli açıqlamaları və Fransa siyasilərinin erməni sevdası daxildir. Məsələyə başqa prizmadan baxanda aydın olur ki, əslində Fransa maşa kimi istifadə etdiyi Ermənistandan üz döndərib. Bu Praqa bəyannaməsinin bəndlərində də özünü göstərir. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rol oynadığını görən Fransa siyasiləri hansısa maraq qarşılığında belə qərəzli açıqlamalar vermək məcburiyyətində qalırlar. Bütün bunlar isə təbii ki, uzun müddət demokratiyanın beşiyi sayılan Avropaya, Avropa dəyərlərinə ziddir. Cənab Prezident çıxışında haqlı olaraq Fransanın bu mövqeyi ilə bağlı konkret mövqe ortaya qoydu. Dövlət başçısı çıxışında bildirdi ki, Fransanın belə bəyanatları iki ölkə arasında olan münasibətlərə xələl gətirir: “Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Baxmayaraq ki, hətta Ermənistan özü onu tanımayıb. Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, - mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini balanslaşdırılmış qəbul edirdik, - mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi”.
Günümüzün reallığı onu deməyə əsas verir ki, 44 günlük Vətən Mühraibəsi zamanı müxtəlif yollarla vandal Ermənistana dəstək verən Fransanın bəyanatları Azərbaycanı yolundan döndərə bilməyəcək. Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələr qısa zamanda reallaşacaq və bu layihələr nəinki region üçün hətta Avropa və Fransa üçün əhəmiyyətlidir. Makron kimi siyasətçilər öz şəxsi maraqlarından çıxış edərək qəbul etdiyi bəyanatlarla ümumilikdə öz ölkəsinə və xalqına qarşı münasibətin dəyişməsinə yönəlik addımlar atır. Atılan bu addımalrın siyasi arenada Fransanın təklənməsinə, demokratik prinsiplərin Fransanın timsalında ayaq altına düşməsinə gətirib çıxarır.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının Əməkdaşı