Ermənistan Milli Konqresi (EMK) fraksiyası Ermənistan vətəndaşlarını bir həftədən sonra - martın 1-də Yerevanın əsas meydanına toplaşmağa çağırıb. Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, fraksiyanın rəhbəri Levon Zurabyan qeyd edib ki, parlamentin spikeri Qalust Saakyan Çiçəklənən Ermənistan Partiyasına və Qagik Tsarukyana qarşı "antikonstitusion hücumların müəllifləri"nin cavabdehliyi ilə bağlı məsələni müzakirəyə çıxarmaqdan imtina etdiyinə görə EMK vətəndaşları meydana toplaşmağa çağırır.
Qeyd edək ki, fevralın 12-də Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika Partiyası Şurasının iclasında bəyan etmişdi ki, Çiçəklənən Ermənistan Partiyasının lideri Q.Tsarukyan siyasi xadim kimi ölkə üçün şərə çevrilib. O, həmçinin partiya liderini ölkənin Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıb. Ardından Q.Tsarukyan fevralın 20-də ümummili mitinq keçirəcəyini desə də, fevralın 17-də S.Sarkisyanla görüşdükdən sonra onu ləğv edib.