Sentyabrın 13-də gecə radələrində Rusiyanın Volqoqrad şəhərində erməni tərəfindən odlu silahla qətlə yetirilən azərbaycanlı Hacımurad (Eduard) Nəbi oğlu Çiriyevin meyiti Azərbaycana gətirilib.
Sabahinfo.az xəbər verir ki, bu barədə ans press-ə Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad (ÜAK) üzrə regional bölməsinin sədr müavini Fikrət Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 24 yaşlı Hacımurad doğulduğu Balakən rayonunun Qabaqçöl kəndində dəfn olunub.
Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad (ÜAK) üzrə regional bölməsinin rəhbəri Teymur Həsənov açıqlamasında Volqoqradda azərbaycanlılarla ermənilər arasında baş verən hadisənin təfərrüatları barədə danışıb. Onun bildirdiyinə görə, E. Çiriyev dostları ilə birlikdə yeyib-içdikdən sonra şəhərdəki ermənilərə məxsus bara getməyə qərar veriblər: "Bu zaman onlarla barda olan ermənilər arasında mübahisə düşüb. Bar sahibinin oğlu Virabyan soyadlı erməni avtomobilində olan "Sayqa" tipli tüfəngini götürərək Eduard Çiriyevə atəş açıb. Nəticədə Eduard aldığı güllə yarasından ölüb".
Azərbaycanlını öldürən erməni Volqoqraddakı erməni diasporunun bir müddət rəhbəri olmuş Vyaçeslav Virabyanın oğludur.
Hadisənin şahidi Vadimin sözlərinə görə, barda nəyisə bölüşə bilməyən gənclər arasında söz-söhbət düşüb. Getdikcə böyüyən söhbət sonda dava ilə nəticələnib. Bunu görən bar sahibinin oğlu, milliyyətcə erməni olan gənc tüfəngə əl ataraq, bir nəfərə atəş açıb. Yaralanan oğlanın dostları onu dərhal xəstəxanaya çatdırmağa çalışıblar.
Lakin yolda onların arasında mübahisə davam edib. Belə ki, yaralını daşıyan avtomobilə arxadan gələn 4 avtomobildən atəş açılıb. Dostları yaralını xəstəxanaya çatdırsalar da həkimlər onun həyatını xilas edə bilməyiblər.