Ermənistan Arazdəyəndə inşa olunan metallurgiya zavodunu köçürdü

Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürüləcək.

Sabahinfo.az  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

Onun sözlərinə görə, zavod çox da uzaq olmayan bir əraziyə köçürüləcək. Köçürmə və tikinti prosesi davam edir, sonrakı addımları investorlar müəyyənləşdirir.

Qeyd edək ki, Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürüldüyünə dair bir müddət əvvəl xəbərlər yayılmışdı. Metallurgiya zavodunun tikintisinin Ararat şəhəri yaxınlığındakı əraziyə köçürüldüyü qeyd olunurdu.

Yerli sakinlər də tikinti işlərinin dondurulduğunu, zavodun başqa yerə köçürüldüyünü və tikinti materiallarının ərazidən daşındığını deyirdi.

Ermənistan İqtisadiyyat Nazirliyi isə zavodun köçürülməsi ilə bağlı məlumatı təsdiq və ya təkzib etməyərək sadəcə “hökumət səviyyəsində müzakirələrin aparıldığını” bildirirdi.

Xatırladaq ki, Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyi idi. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilərdi. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcəkdi. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayardısa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaqdı.

Azərbaycan Hökuməti Ermənistan tərəfindən Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunun inşasının dayandırılmasını tələb edirdi.

Məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının icraçı katibinə də müvafiq bildiriş ünvanlanıb.

Bundan başqa, Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən bəyanatlar imzalanıb.