Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyasını və onun əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərini kobud şəkildə pozaraq sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusu erməni hərbi təxribatının qarşısını qətiyyətlə alıb.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə, suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, habelə Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri professor Hicran Hüseynova deyib.
Deputat bildirib ki, Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngidərək beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir. Belə ki, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən hələ də çıxarmaması, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla, ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və prosesə üçüncü tərəfləri cəlb etmək üçün müxtəlif təxribatlar törətməsi bir daha göstərir ki, rəsmi İrəvan sülh prosesində maraqlı deyil.
Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri apardığı bir vaxtda Ermənistan növbəti dəfə hərbi təcavüzə yol verməklə bu prosesə maneə olduğunu göstərdi.
H.Hüseynova vurğulayıb ki, Ermənistanın hərbi dəstək üçün KTMT və Rusiyaya müraciət etməsi, eləcə də digər dövlətlərin rəhbərlərinə zəng etməsi hüquqi baxımdan qanunaziddir. İlk növbədə, qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası həyata keçirilməyib və baş vermiş hadisə sərhədyanı hərbi insidentdir. Digər tərəfdən, bu təxribatın əsas məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfi isə bu təxribatlara cavab verir, öz suveren hüquqlarının müdafiə edir. Digər tərəfdən, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və inkişafı üzrə irimiqyaslı işlərlə məşğuldur, sosial-mədəni layihələr həyata keçirir. Ermənistan isə həmişə olduğu kimi, həm özü illüziyadadır, həm də Cənubi Qafqazda sülh və təhlükəsizliyin yaranmasına müxtəlif yollarla əngəl yaradır.
“Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınıb və alınacaq! Erməni xalqı, nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri torpaqlarımızdan mütləq çıxmalıdır, imzalanan birgə bəyanatlara əməl etməlidir!”, - deyə H.Hüseynova bildirib.