Aprelin 11-də Ermənistan silahlı qüvvələri növbəti hərbi təxribata imza atıb, nəticədə Azərbaycan Silahlı Qüvvələrinin üç hərbçisi şəhid olub. Ermənistan silahlı qüvvələri yenidən çoxsaylı itkilərə məruz qalıb, yenə də fərarilik edib, yenə də hərbi postlarını qoyub qaçıblar. Amma indi başqa sual aktualdır. Ermənistan tərəfi son dərəcə aşağı hərbi hazırlığı fonunda məğlub ordusuna arxalanaraq necə belə addımlar ata bilir, onu ürəkləndirən, cəsarətli edən hansı amillərdir? Hesab edirəm ki, burada bir neçə amillin rolu var. Birincisi onunla bağlıdır ki, Ermənistan siyasi rəhbərliyi son zamanlar öz bəyanatlarının hərbi ritorikasını xeyli gücləndirmişdi. Ermənistanı ruhlandıran, gücləndirən, onu cəsarətli edən əsas amillərdən biri heç şübhəsiz ki, Avropa ittifaqının yüz nəfərlik və iki il müddətində Ermənistanda yerləşdirilmiş siyasi hərbi missiyasıdır. Ermənistan Avropa ittifaqının mövqeyinə və bu siyasi hərbi missiyasının davranışlarına arxalanaraq bu hərbi təxribata imza atıb. Onlarda bir arxayınçılıq sindromu formalaşıb ki, bu təxribatların qarşılığında Avropa İttifaqı onları dəstəkləyəcək və hazırlayacağı hesabatlarda da Ermənistana dəstək mövqeyindən fikirlər səsləndirəcək. Yəni, birinci amil Avropa İttifaqı ilə bağlıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.
Deputatın sözlərinə görə, Ermənistanın bu hərbi təxribatını şərtləndirən digər mühüm amillərdən biri Nikol Paşinyanın ölkə daxilindəki vəziyyətinin kifayət qədər gərgin olmasına bağlıdır. Hətta erməni mətbuatı ona qarşı sui-qəsdlərin və onun hakimiyyətdən göndərilməsi ilə bağlı dövlət çevrilişlərinin həyata keçiriləcəyinin də anonsunu verirdilər. Ermənistanın baş nazirini satqın, xəyanətkar adlandırırlar və belə olan vəziyyətdə Paşinyan sülh müqaviləsi imzalayacağı təqdirdə onu hansı ölkədaxili siyasi kataklizmlərin gözləyəcəyini də ifadə edirlər. Belə olan vəziyyətdə Nikol Paşinyan üçün sülh lazım deyil. Onun üçün belə hərbi təxribatlar daha əhəmiyyətli rol oynayır.
Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, qarşıda gözlənilən Vaşinqton danışıqların ya baş tutmamasına nail olmaq, ya da baş tutacağı təqdirdə orada fundamental məsələlərin müzakirəsi deyil, ikinci dərəcəli məsələlərin ön plana çəkilməsinin əsas hədəflərdən olduğunu diqqətə çatdıran deputat deyib: “Onlar unutmamalıdırlar ki. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və onun formalaşdırdığı, tarixi Zəfərə imza atmış yenilməz Ordusunun da səbrinin bir həddi var. Hər şeyin bir limit olduğu kimi səbrin də bir limiti olur. Vadar etməsinlər ki, Azərbaycan Silahlı Qüvvələri yenidən güc tətbiq etməklə Ermənistanı ikinci dəfə kapitulyant səviyyəsinə endirsin və bu kapitulyantlıq Ermənistandakı siyasi hakimiyyətin sonunun başlanğıcı ola bilər. Baş verə biləcək bütün hadisələrə görə bütün məsuliyyət Ermənistannın üzərinə düşər. Beləliklə, bu qənaətə gəlmək olar ki, Ermənistanın aprelin 11-də törətdiyi bu hərbi avantüranın arxasında bu ölkənin siyasi hərbi rəhbərliyi dayanır. Avropa İttifaqı, onun siyasi hərbi missiyası bu prosesə birbaşa və dolayısı ilə təsir edir və Ermənistanı ruhlandırır. Bütün bu reallıqlar məlum hərbi insidentin baş verməsini məhz indiki zamanda şərtləndirir”.