59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda Təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirak etmişdir.
Prezident çıxışında regionda və Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış son vəziyyətlə bağlı ətraflı məlumat vermiş, bir çox aktual məsələlərə aydınlıq gətirmiş, Azərbaycanın mövqeyini dəqiqliklə beynəlxalq birliyin diqqətinə çatdırmışdır. Ölkəmizin Avropa enerji təhlükəsizliyindəki rolu və nəqliyyat-logistika imkanları barədə məlumat vermişdir.
-Ermənistan müharibədən sonra yaranmış reallıqlarla hesablaşmalıdır. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi qarşılıqlı tanınma və hər hansı ərazi iddiaları olmadan tezliklə imzalanmalıdır. 28 il ərzində aparılan sülh danışıqları imitasiya xarakteri daşıyırdı və Ermənistanla yanaşı, onun dostlarını da qane edirdi. Ona görə də, Azərbaycan legitim-hərbi yolla torpaqlarını azad etdi və BMT TŞ-n qətnamələrini yerinə yetirdi.
-“Dağlıq Qarabağ” adında anlayış Azərbaycan tərəfindən qəbul edilmir, Qarabağ İqtisadi rayonu mövcuddur və hər kəs suveren hüquqlarımıza hörmətlə yanaşmalıdır.
-Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və heç bir halda onların gələcək taleyi ilə bağlı Ermənistanla müzakirələr aparılmayacaqdır.
-Qarabağda anadan olmamış və aidiyyəti olmayan və xarici ölkələrdən göndərilmiş adamlarla danışıqlar aparılmayacaqdır.
-Qarabağın blokadasından söhbət gedə bilməz. Yol humanitar məqsədlər üçün tam açıqdır və bu iki ay ərzində sülhməramlılara və Qızıl Xaç cəmiyyətinə məxsus üç minə yaxın maşın, separatçıların liderləri həmin yoldan keçmişdir.
- Fransa, qeyd-şərtsiz Ermənistanın mövqeyindən çıxış etdiyinə və Avropa İttifaqının prezidenti Şarl Mişelin dəstəyi ilə əldə olunmuş razılıqların icrasına mane olduğuna görə danışıqlarda vasitəçi ola bilməz.
Plenar iclasın digər iştirakçıları Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan idi. Azərbaycan dövlət Başçısı ilk dəfə belə bir formatda üç müstəqil Qafqaz respublikasının bir araya gəlməsini məxsusi vurğuladı. Görüşün tarixi hadisə olduğunu və yaranmış vəziyyəti düzgün qiymətləndirməyi, gələcəyə baxmağa çağırdı.
Ermənistan baş naziri Nikol Paşinyan yenidən Paşinyan isə, yenə də öz ampluasında görünürdü. Onu dinlədikcə, geyri-ixtiyari 2020- ci ili, Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə keçirdiyi debatı xatırladım. Həmin debatda Paşinyan özünü itirmiş, çaşaraq düzünü danışmış və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımışdı. Ölkəmizin ünvanına böhtanlar sısləndirmiş, saxta tarixi faktları sırımağa cəhd etmişdi.
Dünənki plenar iclasdan sonrakı qənaətim elədir ki, 2020-ci ildən bəri hər şeyin yüz səksən dərəcə dəyişməyinə rəğmən, Paşinyan dəyişməyib. Yenə reallıqdan uzaq populist çıxışlar, əsassız ittihamlar və yalanlarla zəngin fikirlər. Tam məsuliyyətlə demək olar ki, 2020-ci ildə olduğu kimi, bu dəfə də Paşinyanın timsalında Ermənistan siyasətinin primitiv təqdimatı yenə də iflasa uğradı.
Azərbaycan Prezidentinin keçirdiyi bütün görüşlərdə, ölkəmizin maraqlarını sistemli şəkildə, beynəlxalq hüquqa və ədalətə söykənən dəmir məntiqlə müdafiə etməsi hər birimiz üçün qürurvericidir. ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə təşkil olunmuş üçtərəfli görüşdə də, Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi, dövlətimizin apardığı effetiv siyasətin sübutudur.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı