Mən Ermənistanın baş nazirindən dəfələrlə soruşmuşam ki, onlar nəyə görə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər? Doqquzuncu maddəyə (2020-ci il 10 noyabr tarixli Bəyanatın – red.) uyğun olaraq, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqə yaradılmalıdır. Orada, həmçinin qeyd olunub ki, nəzarəti kim təmin edəcək və Paşinyanın özü bunu imzalayıb. İndi isə bu, artıq mümkün deyil. Nə həmin marşrut var, nə də Rusiyanın iştirakı. Yəni, əslində, bu, hüquqi baxımdan artıq qüvvəsini də itirmiş kimidir. Çünki öhdəlik var, amma onlar öhdəliyi yerinə yetirmirlər.
Sabahinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı səsləndirib
Ermənistanın bu yanaşmasından sonra Azərbaycanın Naxçıvanla əlaqə yaradılması, Naxçıvan vasitəsilə Türkiyəyə çıxışın əldə edilməsi üzərində düşündüyünü və bununla bağlı İran tərəfi ilə keçidin inşası üçün razılığa gəldiyini söyləyən Prezident İlham Əliyev deyib ki, Ağbənd kəndində avtomobil nəqliyyatı üçün körpünün təməlqoyma mərasimi keçirilib. Sonra dəmir yolu nəqliyyatı üçün körpü olacaq. Yəni, burada Ermənistan çox şey itirir. Bu, nəinki Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantını təmin edəcək, əslində, beynəlxalq daşımalar dəhlizinə çevriləcək. Bu o deməkdir ki, Azərbaycan ilə Türkiyə arasında bağlantı yaradılır. Ermənistan özünü bundan məhrum etdi, həmçinin Azərbaycanla bütün digər kommunikasiyaların açılmasından məhrum edir”.