Dekabrın 5-də Qərbi Azərbaycana qayıdışla əlaqədar ikinci beynəlxalq konqres keçiriləcək.
Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən konseptual fəaliyyət artıq Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması üçün təməl bazisin və aydın yol xəritəsində ehtiva olunan konsepsiyanın meydana çıxması ilə nəticələnib. Bu isə o deməkdir ki, Ermənistanın hansı mövqe sərgiləməsindən asılı olmayaraq ölkəmizin güc və imkanları, o cümlədən beynəlxalq nüfuzu prosesin uğurla realizəsinə imkan verəcək:
"Ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlar fonunda müasir Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, o cümlədən sülh yolu ilə öz ata-baba torpaqlarına qaytarılmasının təmin edilməsi yalnız Cənubi Qafqazda yox, bütövlükdə dünyada insan haqları tandemi qarşısında dayanan əsas vəzifələrdən biridir. Vaxtıilə əhalinin mütləq əksəriyyətini təşkil edən azərbaycanlıların öz ata-baba torpaqlarına-müasir Ermənsitan ərazisinə qaytarılması ilk növbədə tarixi və hüquqi ədalətin bərqərar olunması və regionda dayanıqlı sülh üçün təməlində dayanan amil kimi qəbul olunmalıdır. Məlumdur ki, soydaşlarımızın Qərbi Azərbaycandan qovulması Ermənistanın dövlət siyasəti çərçivəsində həyata keçirilmiş, azərbaycanlılara qarşı etnik təmizləmədə ehtiva olunan çoxsaylı cinayətlərdə, o cümlədən hərbi cinayətlərdə iştirak etmiş şəxslər bu ölkənin milli qəhrəmanlarına çevrilmiş, azərbaycanlıların qayıdışının önlənməsinin məqsədi ilə isə bizə məxsus tarixi, mədəni irs, o cümlədən məscidlər, qəbiristanlıqlar kütləvi şəkildə dağıdılmış və ya digər vandalizm aktlarına məruz qalmışdır. Uzun illər ərzində bu cinayətlərin cəzasız qalması, xüsusən havadarları hesabına Qarabağ və Şərqi Zəngəzuru işğalda saxladığı dövrdə Ermənistan Qərbi Azərbaycan mövzusunu gündəmə gətirilməsinə imkan verməməyə çalışmış, əskinə bu tip cinayətlərin arialını genişləndirmək niyyətini gizlətməmişdir. Lakin Vətən müharibəsi və antiterror tədbirləri ilə Azərbaycanın tarixi ədaləti bərpa etməsi artıq Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtmasında ehtiva olunan tarixi ədalətin davamlılığını şərtləndirir.Azərbaycanın müharibə tərəfdarı olmaması, qayıdışın sülh və əmin-amanlıq fonunda insan haqlarının təmini formasında realizəsində maraqlı olması qeyri-adekvat mövqeyə malik dairələrin belə əks arqument gətirməsinə imkan vermir. Lakin, təəssüf ki, Ermənistan bu məsələdə yenə də qeyri-adekvat və təcavüzkar mahiyyətini qorumaqda, hər vəchlə qərbi azərbaycanlıların müasir Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıdışını əngəlləməyə cəhd göstərməkdədir. Bu çərçivədə Qarabağdan könüllü şəkildə köç etmiş ermənilərin qayıdışı ilə bağlı "şərtlərin" irəli sürülməsi, yaxud digər hüquqi, siyasi və tarixi əsasa malik olmayan arqumentlərin irəli sürülməsi Ermənistanın qeyri-konstruktiv mövqeyini qorumağa çalışdığını və özünün monoetnik, faşist mahiyyətinə sadiq qaldığını nümayiş etdirir. Lakin sirr deyil ki, zaman Azərbaycanın lehinə işləyir və cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən konseptual fəaliyyət artıq Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması üçün təməl bazisin və aydın yol xəritəsində ehtiva olunan konsepsiyanın meydana çıxması ilə nəticələnib. Bu isə o deməkdir ki, Ermənistanın hansı mövqe sərgiləməsindən asılı olmayaraq ölkəmizin güc və imkanları, o cümlədən beynəlxalq nüfuzu prosesin uğurla realizəsinə imkan verəcək".