Ermənistan uzun illər Azərbaycana təzminat ödəməli olacaq 

İstənilən müharibə və işğal hadisəsi günahsız insanların tələfatı, insan taleyinin sonsuz faciələri ilə müşahidə olunur.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

O qeyd edib ki, bununla yanaşı, müharibə zonasında təbiətin flora və faunası məhv edilir. Ağır silahlardan, top, artilleriya mərmilərindən, minalardan istifadə nəticəsində bütün tikililər, insanların evləri, müəssisələr dağıntılara məruz qalır:

"1990-cı ilin əvvəllərində üzləşdiyimiz erməni işğalı da bu baxımdan istisna deyil. Torpaqlarımızın işğalı nəticəsində 1 milyona yaxın soydaşımız öz torpağını, mülkünü tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olublar. Onlar illər boyu düşərgələrdə, vaqonlarda yaşayıblar".

Millət vəkili hesab edir ki, bunları zərər yox, faciə adlandırmaq daha doğrudur. Yüz minlərlə insanın taleyi məhv edilib. Bu baxımdan etnik təmizləməyə məruz qalmış soydaşlarımıza dəyən mənəvi zərərin miqdarını hesablamaq mümkün deyil. Lakin istənilən müharibədən sonra mütəxəssislər dəymiş ziyanı dəyərləndirə bilərlər. İşğaldan azad edildikdən sonra Qarabağda da bu istiqamətdə addımlar atılır və dəyərləndirmələr başa çatdıqdan sonra Ermənistan dövləti işğal dövründə ölkəmizə vurduğu maddi və mənəvi zərərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaq.

C.Feyziyev hesab edir ki, dəymiş zərər yüz milyardlarla ölçüləcək. Ermənistan uzun illər Azərbaycana təzminat ödəməli olacaq.